×
A
A
A
Sazlamalar

Azərbaycan ilə Macarıstan arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunub

Budapeşt, 24 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi etdiyi nümayəndə heyəti yanvarın 24-də Macarıstanda səfərdə olub.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüş keçirilib.
Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub, iqtisadi–ticari sahədə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. Eyni zamanda, Macarıstan şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş bölgələrində həyata keçirilən bərpa və yenidənqurma işlərində iştirakı imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan ilə Macarıstan arasında təhsil və mədəniyyət sahələrində əməkdaşlığın uğurla həyata keçirildiyi qeyd edilib.
Söhbət zamanı iki ölkə arasında enerji sahəsində mövcud əməkdaşlığın, eləcə də yaşıl enerjinin Azərbaycandan Gürcüstan və Rumıniya vasitəsilə Macarıstana ötürülməsi barədə ötən il dekabrın 17-də Buxarestdə imzalanmış sazişin əhəmiyyəti, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rol vurğulanıb.
Həmçinin Macarıstanın xarici işlər və ticarət nazirinin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində fevralın 3-də Bakıda keçiriləcək nazirlərin IX toplantısında iştirak edəcəyi təsdiqlənib. Enerji sahəsində əməkdaşlığa dair müzakirələrin həmin tədbirdə davam etdirilməsi barədə razılıq əldə olunub.

Vüqar Seyidov
Budapeşt
AZƏRTAC-ın xüsusi müxbiri

İqtisadiyyat 2023-01-24 17:21:00