×
A
A
A
Sazlamalar

Böyük Britaniya ilə əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Bakı, 24 yanvar, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Ouldun tanışlıq görüşü olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfiri yeni təyinatı münasibəti ilə təbrik edən nazir ona fəaliyyətində uğurlar arzulayıb, Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirib.
S.Babayev ölkəmizdə aparılan ardıcıl sosial islahatlar, DOST konsepsiyası, dövlət sosial xidmətlərinin elektronlaşdırılması proqramının uğurları barədə məlumat verib.
Aparılan sosial islahatların beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyi, ötən il nazirliyin qurumlarının 13 beynəlxalq mükafatla təltif edildiyi, həmçinin 12 beynəlxalq İSO sertifikatı aldığı qeyd edilib. O cümlədən, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Böyük Britaniyada keçirilən müsabiqənin “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatına layiq görüldüyü bildirilib.
Həssas əhali qruplarının, habelə məişət zorakılığından zərər çəkənlərin reabilitasiyayönümlü sosial xidmətlərlə əhatə olunması sahəsində görülən işlər qeyd olunub. Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması üçün “British Council” ilə birgə layihənin müsbət nəticələri vurğulanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn (Kaspian Si) Limited şirkəti arasında 2019-cu ildə imzalanan Anlaşma Memorandumunun əhali sakinliyinin inkişafı və demoqrafiya sahəsində müfəssəl tədqiqatların aparılmasında əhəmiyyəti diqqətə çatdırılıb.
Görüşdə iki ölkənin müvafiq qurumları arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün də böyük potensialın olduğu vurğulanıb, bu sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Sosial 2023-01-24 15:34:00