Baş Prokurorluq: Tərtər rayonunda ana ölümünün həkim səhvindən baş verməsinə əsaslı şübhələr müəyyənləşdirilib
Bakı, 24 yanvar, AZƏRTAC
Bəzi sosial şəbəkə və media səhifələrində Tərtər rayon sakini Sahilə Əsədovanın doğuşdan sonra ölməsinə dair Bərdə Rayon Prokurorluğunda qeyri-obyektiv araşdırma aparılması, zəruri istintaq hərəkətlərinin yerinə yetirilməməsi və digər həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qeyd edilən faktla bağlı Bərdə Rayon Prokurorluğunda 2022-ci il avqustun 2-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
İbtidai İstintaqın gedişində Sahilə Əsədovanın ölümünün cərrahiyyə əməliyyatı zamanı həkim səhvindən baş verməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Toplanmış sübutlar əsasında xəstəxanada həkim ümumi-cərrah vəzifəsində işləyən Teymur Əlləzov Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam edir.
Baş Prokurorluğun mətbuat xidməti sosial şəbəkə və media səhifələrində yayılmış həmin məlumatları təkzib edərək rəsmi qurumla dəqiqləşdirilməmiş yalan və qərəzli məlumatları yaymamağı, bu qəbildən olan məlumatları paylaşan media nümayəndələri barəsində ciddi tədbirlər görüləcəyini diqqətə çatdırır.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO