×
A
A
A
Sazlamalar

İriqabaritli nəqliyyat vasitələrinin hərəkəti üçün icazə mexanizmi təkmilləşdirilir

Bakı, 24 yanvar, AZƏRTAC

İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə icazənin verilməsi mexanizmi təkmilləşdirilir.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yanvarın 24-də keçirilən iclasında müzakirə olunan “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsi iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə icazənin verilməsi mexanizminin təkmilləşdirilməsi, o cümlədən ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin aidiyyəti dövlət qurumunun avtonəqliyyat vasitələri ilə müşayiət olunmasının təmin edilməsi, habelə onların hərəkət marşrutunun müəyyən olunması mexanizminin tənzimlənməsi məqsədilə hazırlanıb.
Layihəyə əsasən, iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə icazənin verilməsi üçün müraciət qaydası, müraciətə baxılması, zəruri hallarda nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət marşrutunun aidiyyəti hissələrinin elektrik, rabitə, su, qaz təchizatı, neft-qaz, dəmir yolu idarə və təşkilatları, avtomobil yollarının digər mülkiyyətçiləri ilə razılaşdırılması məsələsi, habelə daşıyıcıya icazənin verilməsindən imtina məsələləri tənzimlənib.
Layihənin qəbul edilməsi ilə iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə dair icazənin verilməsi zamanı işlərin sistemləşdirilməsi, operativliyin artırılması, müasir texnoloji həllərlə xidmətlərin göstərilməsinin keyfiyyətinin artırılması təmin olunacaq.


İqtisadiyyat 2023-01-24 12:42:00