×
A
A
A
Sazlamalar

ABŞ-ın Yuta ştatında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı, 24 yanvar, AZƏRTAC
Azərbaycanın ABŞ-dakı səfirliyinin təşəbbüsü və Yuta ştatında yaşayan Azərbaycan və türk diaspor nümayəndələrinin təşkilatçılığı və iştirakı ilə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim 20 Yanvar faciəsinin tariximizdə qəhrəmanlıq salnaməsi kimi yadda qalması, müstəqilliyimiz naminə həyatını qurban vermiş vətəndaşlarımızın xatirəsinin əbədi yaşayacağı və dünya azərbaycanlıları tərəfindən daim anılacağını qeyd edib. Səfir 20 Yanvar faciəsinə Ümummilli Lider Heydər Əliyev tərəfindən hüquqi və siyasi qiymət verildiyini, o məşum günün qurbanlarının xatirəsinin dövlət tərəfindən hər il ən yüksək səviyyədə anıldığını və şəhidlərin ailə üzvlərinə daim qayğı göstərildiyini bildirib. X.İbrahim dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycan və türk diasporlarının birgə aktiv fəaliyyətinin əlaqələndirilməsinin, ölkəmiz və türk dünyası ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə ortaq səylərlə çatdırılmasının əhəmiyyətini vurğulayıb.
Tədbirdə, həmçinin Yuta-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Əsmər Hüseynova, Yuta-Türk Amerika Assosiasiyasının rəhbəri Pınar Bayrak-Toydemir, Yuta Universitetinin professoru Hakan Yavuz və digər diaspor nümayəndələri çıxış ediblər.
Tədbirdə səfirlik tərəfindən hazırlanmış və 20 Yanvar faciəsi ilə bağlı ABŞ-da çap edilmiş məqalələrin toplusundan ibarət jurnal təqdim edilib.

20 yanvar 2023-01-24 00:49:00