×
A
A
A
Sazlamalar

Sığorta sektoru xidmətlərinin ixracı genişlənir

Bakı, 23 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) sığorta sahəsinin inkişafına yönəlmiş genişmiqyaslı və ardıcıl tədbirləri davam etdirir.
AMB-dan AZƏRTAC-a bildirilib ki, aparılan islahatlar, xüsusilə də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (avto-icbari) sahəsində görülən tənzimləmə tədbirləri sığorta sahəsinə ictimai inamın artması, sığorta xidmətlərinin keyfiyyətinin yüksəlməsi üçün geniş imkanlar yaratmaqdadır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa, eləcə də onun tətbiqi ilə bağlı müvafiq Fərmana edilən son dəyişikliklər, habelə avto-icbari sığorta üzrə şəhadətnamələrin şirkətlərin rəsmi internet səhifələri üzərindən təqdim olunması imkanının yaradılması icbari sığorta növlərinin tam rəqəmsallaşmasına və onların əldə edilməsinin asanlaşdırılmasına şərait yaradacaq.
Azərbaycanda avto-icbari sığorta sinfi üzrə qanunvericiliyinin davamlı inkişafı və tətbiqi 2015-ci ildən etibarən yerli sığorta sektorunun Beynəlxalq Yaşıl Kart sisteminə inteqrasiya olunmasına imkan verib. Sığorta sektorunun bu sahədə nümunəvi beynəlxalq reputasiyası formalaşıb, onun Beynəlxalq Yaşıl Kart sistemindən faydalanması üçün yeni imkanları yaranıb.
Ötən dövrdə Azərbaycanın və Türkiyənın Yaşıl Kart sığorta sistemlərinin inteqrasiyası həyata keçirilib. Bununla da ölkəmizdə qeydiyyatda olan avtomobillər Türkiyəyə, bu ölkədə qeydiyyatda avto-nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil olarkən Yaşıl Kartın etibarlılığının elektron qaydada müəyyən edilməsi imkanı yaradılıb. Bu inteqrasiya dünya ölkələri üzrə ilk və nümunəvi təcrübə olmaqla yanaşı, saxta Yaşıl Kart sığorta şəhadətnaməsi ilə sərhədlərin keçilməsinin qarşısını alıb. Beynəlxalq Yaşıl Kart üzrə Bürolar Şurasının 56-cı Assambleyasında Azərbaycan Milli Yaşıl Kart Bürosu funksiyalarını həyata keçirən İcbari Sığorta Bürosunun fəaliyyəti yüksək qiymətləndirilib. Beləliklə, 10 illik keçici hüquqlu üzvlük müddəti tamamlanmadan, 5 il müddəti bitdikdən sonra Büro tamhüquqlu üzv statusu əldə edib. Tamhüquqlu üzv olmağın yaratdığı imkanlardan biri də Yaşıl Kart sisteminə qoşulmamış ölkələrdə Azərbaycan sığortaçılarının Yaşıl kartlarının sığortalılara təqdim edilməsidir.
Bu il yanvarın 1-dən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələri üzrə müraciət edən şəxslərə Azərbaycan Yaşıl kartlarının təqdim edilməsi prosesinə başlanılıb. Beləliklə, yerli sığorta sektorunun beynəlxalq müstəvidə təmsil olunması imkanları daha da genişlənib, sektor digər ölkələrə sığorta xidmətlərini ixrac etməyə başlayıb.
AMB sığorta sahəsində islahat tədbirlərini davam etdirməklə yanaşı əldə edilən nəticələrin ictimaiyyətə kommunikasiyasını davam etdirəcək.

Maliyyə 2023-01-23 19:00:00