×
A
A
A
Sazlamalar

Ləman Qalimova: Respirator infeksiyalara yoluxma halları pandemiyadan əvvəlki dövrlərlə eynidir

Qrip və digər respirator infeksiyalar antibiotiklə müalicə olunmurlar

Bakı, 23 yanvar, AZƏRTAC
Hazırda ölkəmizdə mövsümə uyğun olaraq respirator xəstəliklərin aktivliyi müşahidə olunur. Ümumiyyətlə respirator xəstəliklər zamanı demək olar ki, eyni əlamətlər qeydə alındığından insanlar arasında çaşqınlıq yaradır. Belə ki, burun axıntısı, öskürək, temperaturun yüksəlməsi, halsızlıq, əzələ və sümük ağrıları kimi şikayətlər qeydə alınır. COVID-19 pandemiyası hələ də davam etdiyindən insanlar bunun hansı virus olduğunu müəyyən edə bilmir, daha çox koronavirusa yoluxduqlarını deyirlər. Bildirmək istəyirəm ki, hər il oktyabr ayından etibarən aprelə qədər respirator infeksiyaların pik dövrləri müşahidə olunur. Sadəcə olaraq bundan əvvəlki iki ildə COVID-19 dünyanı ağuşuna aldığından daha çox yoluxma halları onunla bağlı idi. Həm də karantin tədbirləri, maskadan kütləvi istifadə, sıx toplanma yerlərinin fəaliyyət göstərməməsi digər respirator infeksiyalara yoluxma hallarını azaltmışdı. Bu il isə həmin tədbirlər demək olar ki, tətbiq olunmur, təmas halları, xüsusilə də qapalı məkanlarda toplanmalar çox olduğundan qrip və digər respirator infeksiyalarla yoluxma halları pandemiyadan əvvəlki dövrlərlə eynidir. Odur ki, vətəndaşlara təşvişə düşməmək, hansı respirator infeksiyaya yoluxduqlarını öyrənmək üçün həkim təyini ilə spesifik analizlər vermək tövsiyə olunur.
Bunu AZƏRTAC-a müsahibəsində Bakı Sağlamlıq Mərkəzinin infeksiyaya nəzarət bölməsinin rəhbəri Ləman Qalimova deyib.
Mütəxəssis respirator infeksiyalardan qorunma yollarından da bəhs edib: “İmmun sistemini güclü saxlamaqla, yuxu və qida rejiminə əməl etməklə, əl gigiyenasına riayət etməklə, yaxın təmaslardan uzaq olmaqla özümüzü qoruya bilərik. Bundan əlavə, mövsümə uyğun geyimlər geyinmək, havaların nisbətən sabit keçməsinə o qədər də aldanmamaq lazımdır. Özündə respirator əlamətlər hiss edənlər təcrid olunmaqla, maskadan istifadə etməklə digər vətəndaşları da qoruya bilərlər. Çünki nəzərə almaq lazımdır ki, hər kəs respirator xəstəliyi eyni dərəcədə yüngül keçirmir. Risk qrupuna aid olan vətəndaşların respirator infeksiyaların törətdiyi xəstəlikləri ağır keçirmə təhlükəsi də var. Risk qrupuna aid olan xroniki xəstəliklərdən, immundefisitindən əziyyət çəkənlər, yaşlı təbəqə, hamilə qadınlar, orqan transplantasiyası keçirənlərə xüsusilə diqqətli olmaq və qrip əleyhinə vaksin vurdurmaq tövsiyə edilir. Təbii ki, digər vətəndaşlar da qrip əleyhinə peyvənd oluna bilərlər. Ölkəmizdə sahə poliklinikaları qrip peyvəndi ilə təmin olunub. Peyvənd olunmaq istəyənlər yaxınlaşıb vurdura bilərlər”.
L.Qalimova bəzən insanların respirator xəstəliyin müalicəsində özbaşına olaraq antibiotiklər və digər dərmanlardan istifadə etdiklərini bildirərək bunun fəsadlarından danışıb: “Bəzən vətəndaşlar respirator infeksiya əlamətləri hiss edən kimi antibiotiklərdən istifadə edir, yaxşılaşma görmədikdə ondan da güclü antibiotik və dərmanlara keçirlər. Qrip və digər respirator infeksiyalar antibiotiklə müalicə olunmurlar. Viral xəstəliyi antibakterial müalicə etdikdə, əlbəttə ki, heç bir effekt olmayacaq. Bunun üçün də antibiotiklərdən istifadə qəti qadağandır. Əgər xəstəliyə hər hansı bir yanaşı bakterial infeksiya da qoşularsa, o zaman həkim təyinatı ilə antibiotiklərdən istifadə etmək olar. Üç gün ərzində xəstənin vəziyyəti yüngülləşməzsə, əksinə ağırlaşma hiss edilərsə, mütləq həkimə müraciət etmək tövsiyə olunur”.

Səhiyyə 2023-01-23 17:27:00