×
A
A
A
Sazlamalar

Burun-udlaq badamcığının iltihablaşması onun xaric olunmasını zəruri edir

Bakı, 23 yanvar, AZƏRTAC

Uşaqlar arasında “burun və boğaz əti” adlandırılan bir xəstəlik var və onun yaranması zamanı bəzən dərhal əməliyyat etdirməyə üstünlük verirlər. Əslində isə bununla immunitet sistemi zəifləmiş olur.
AZƏRTAC xəbər verir ki, həkim-otolarinqoloq Elvin Əzizov bununla əlaqədar deyib: “Uşaqlarda burun və boğaz əti deyilən burun-udlaq və damaq badamcıqlarıdır və normal halda limfoadenoid toxumadan ibarət olub immun sisteminin bir hissəsini təşkil edir. Badamcıqların funksiyası yuxarı tənəffüs yollarından - ağız və burun boşluğundan daxil olan mikroorqanizmlərlə mübarizə apararaq onları zərərsizləşdirmək və digər orqanlara düşməsinin qarşısını almaqdır. Badamcıqlar patoloji mikroorqanizmlərlə mübarizə apardıqlarına görə hərdən özləri də infeksiyalaşır, öz funksiyasını itirərək orqanızmə ziyan verməyə başlayır. Məsələn, burun-udlaq badamcığı böyüyür, iltihablaşır və uşaqlarda tənəffüs çətinliyinə və digər problemlərə səbəb olduğuna görə əməliyyat edilərək götürülür. Damaq badamcıqları, yəni tonzillalar isə patoloji mikroorqanizmlərin təsirindən iltihablaşaraq irinli angina yaratmağa başlayır və orqanizmə ziyan vurur. Həmin halda onları əməliyyat yolu ilə xaric edirlər. Sağlam burun-udlaq və damaq badamcıqları ilə əlaqədar belə bir göstəriş yoxdur”.

 

Səhiyyə 2023-01-23 17:11:00