×
A
A
A
Sazlamalar

Yaponiyanın Baş naziri KXDR lideri ilə görüşməyə hazır olduğunu deyib

Bakı, 23 yanvar, AZƏRTAC

Yaponiyanın Baş naziri Fumio Kisida KXDR-in ötən il artan raket sınaqlarından narahatlığını ifadə edib. O, həmçinin ilkin şərt irəli sürmədən Şimali Koreya lideri Kim Çen Inla görüşə hazır olduğunu bildirib.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, Fumio Kisida bu barədə müvafiq bəyanatını parlamentin iclasında çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, Şimali Koreyanın ballistik raket sınaqlarının misli görünməmiş tezliyi və xarakteri tamamilə qəbuledilməzdir. Eyni zamanda, insanların qaçırılması da ciddi humanitar problem olaraq qalır.
KXDR-in kəşfiyyat xidmətləri tərəfindən Yaponiya vətəndaşlarının qaçırılması diplomatik əlaqəyə malik olmayan iki dövlət arasında ən ağrılı məsələlərdən birinə çevrilib. 2002-ci ildə Pxenyan insanların qaçırılmasını ilk dəfə etiraf edib.
Xatırladaq ki, Şimali Koreya 2022-ci ildə rekord sayda raket sınağı həyata keçirib. Ötən il Pxenyan 37 sınaq zamanı ümumilikdə 70-dən çox qanadlı və ballistik raket buraxıb.

Dünya 2023-01-23 14:52:00