×
A
A
A
Sazlamalar

AQTA Xəzər dənizində suitilərin tələfatı ilə bağlı aparılan araşdırmaların nəticələrini açıqlayıb

Aparılmış müayinələrin nəticəsində heç bir yoluxucu xəstəliyin törədicisinə rast gəlinməyib

Bakı, 23 yanvar, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində, həmçinin heyvan sağlamlığının təmin olunması istiqamətində həyata keçirilən nəzarət tədbirlərini davam etdirir.
Bir müddət əvvəl Xəzər dənizi sahillərində rast gəlinmiş suiti cəsədlərinin və tələfatının səbəblərinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirlikləri və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin iştirakı ilə monitorinqlər təşkil olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinqlər Bakı və Sumqayıt şəhərləri, Xızı, Xaçmaz, Şabran, Lənkəran, Astara, Neftçala və Salyan rayonları ərazisində sahilboyu zonaları əhatə edib.
Monitorinqlər zamanı rast gəlinən suiti cəmdəklərinin qalıqlarından patoloji material nümunələri götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb olunub. Aparılmış müayinələrin nəticəsində heç bir yoluxucu xəstəliyin törədicisinə rast gəlinməyib.
Qeyd edək ki, Rusiyanın müvafiq qurumu - “Rosprirodnadzor”un yayımladığı məlumata görə, molekulyar çəkisi atmosfer havasından ağır olan təbii qazların dənizin dibindən çıxmaqla suyun səthinə qalxması və hipoksiyanın yaranması nəticəsində burada tənəffüs edən suitilərin tələf olması ehtimal olunur.
Məsələ Dağıstan Respublikasının aidiyyəti mütəxəssisləri ilə işçi qaydada müzakirə edilib və eyni fikir onlar tərəfindən də səsləndirilib. Moskva Dövlət Universitetinin coğrafiya fakültəsinin tədqiqatçıları da oxşar ehtimal irəli sürməklə suitilərin seysmik aktivlik nəticəsində yaranan metan qazından zəhərlənməsi qənaətinə gəliblər. Hələlik qonşu ölkənin aidiyyəti laboratoriyalarında aparılmış müayinələr nəticəsində tələfatın əsl səbəbi müəyyən edilərək rəsmi şəkildə elan olunmayıb.

Ekologiya 2023-01-23 11:04:00