×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Bolqarıstanda silsilə tədbirlər təşkil olunub

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsi ilə əlaqədar Sofiya şəhərində silsilə tədbirlər həyata keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Sofiya şəhərində keçirilən MENAR Beynəlxalq Film Festivalı çərçivəsində 1990-cı ildə Moskva şəhərində 20 Yanvar hadisələrini qətiyyətlə pisləmiş Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gedərək 20 Yanvar hadisələrinin beynəlxalq hüquqa, demokratik dəyərlərə və humanizmə tam ziddiyyət təşkil etdiyini çoxsaylı yerli və xarici jurnalistlərin diqqətinə çatdırması faktlarını, habelə Ulu Öndərin baş vermiş bu qətliama verdiyi siyasi və hüquqi qiyməti özündə əks etdirən “Bir həsədin tarixi” sənədli filmi nümayiş etdirilib.
Paytaxt Sofiyanın ən böyük məscidində keçirilmiş və min nəfərə yaxın insanın qatıldığı Cümə namazında Bolqarıstan Baş Müftiliyinin təşkilatçılığı ilə 20 Yanvar şəhidləri, habelə Azərbaycan torpaqları uğrunda canlarını qurban vermiş bütün şəhidlərin ruhuna “Qurani-Kərim”dən ayələr oxunub və dualar edilib.
20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar səfirliyin təşkilatçılığı ilə Bolqarıstanda yaşayan azərbaycanlılarla görüş də keçirilib.
Görüşdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov 20 Yanvar faciəsinin səbəbləri, mahiyyəti və nəticələri haqqında ətraflı məlumat verib, bu hadisəni Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda aparılan mübarizə tarixçəsində şərəf və qəhrəmanlıq səhifəsi təşkil etdiyini vurğulayıb.
20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə çoxsaylı yerli media qurumları tərəfindən 20 Yanvar hadisələrinə dair geniş məlumatlar yayılıb və məqalələr dərc edilib.
Məqalələrdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi əsasında sovet ordusu kontingentinin Azərbaycanın Bakı və digər şəhərlərinə yeridilməsi nəticəsində yüzlərlə mülki şəxsin qətlə yetirildiyi faktları qeyd edilib, Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil olmuş 20 Yanvar hadisələrinin xalqımızın azadlıq mübarizəsində dönməz və qətiyyətli olduğunu nümayiş etdirdiyi vurğulanıb.

 

20 yanvar 2023-01-21 21:35:00