×
A
A
A
Sazlamalar

İstanbulda 20 Yanvar şəhidlərinin anım mərasimi olub VİDEO

Ankara, 21 yanvar, AZƏRTAC
Azərbaycanın İstanbuldakı Baş konsulluğu ilə İstanbuldakı Nişantaşı Universitetinin (NU) birgə təşkilatçılığı əsasında 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan anım mərasimi keçirilib.
İstanbuldakı Baş konsulluğumuzdan AZƏRTAC-a verilən məlumata görə, anım tədbirində millət vəkilləri, diplomatlar, Nişantaşı Universitetinin professor və müəllim heyəti, o cümlədən müxtəlif ölkələrdən olan tələbələr iştirak ediblər.
Tədbir 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.
Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Nişantaşı Universitetinin rektoru Şenay Yalçın 20 Yanvar hadisələri ilə bağlı bütün həqiqətləri bilməyin gənclər üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq faciədəki qəhrəmanlığın Azərbaycanın tarixində çox mühüm yerə malik olduğunu diqqətə çatdırıb.
20 Yanvar Azərbaycan xalqına qarşı törədilmiş və əsl məqsədinin xalqın milli-azadlıq istəyini boğmaq olduğunu diqqətə çatdıran Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva deyib ki, xalq mətin iradə ilə bu cinayətə qarşı çıxaraq bütün dünyaya öz mübarizliyini və müstəqillik yolunda qətiyyətli olduğunu nümayiş etdirib.
Sonra 20 Yanvar faciəsini əks etdirən “Bakı qətliamı” sənədli filmi nümayiş olunub.
Mərasimin panel bölümündə Azərbaycan Milli Məclisinin deputatı, professor Musa Qasımlı, Nişantaşı Universitetinin professoru Nurşin Güney və Aydın Universitetinin professoru Ragib Kutay Karaca 20 Yanvar faciəsinin səbəb və məqsədlərini təhlil ediblər.
20 Yanvar hadisələrini milli-azadlıq mücadiləsinə gedən yol kimi dəyərləndirən alimlər dünya ictimaiyyətinin bu faciəyə münasibəti və digər mühüm məqamlar ətrafında fikir və mülahizələrini bölüşüblər.
Bütün çıxışlarda 20 Yanvar faciəsinin qəhrəmanlıq dastanı olduğu və Qanlı Yanvar şəhidlərinin əziz xatirəsinin bütün türk dünyasının, eləcə də azadlıqsevər insanların qəlbində daim yaşayacağı ifadə edilib.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

20 yanvar 2023-01-21 13:00:00

Video