×
A
A
A
Sazlamalar

ÜST: COVID-19 əleyhinə vaksinlər effektiv və təhlükəsizdir

Bakı, 21 yanvar, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri xatırladırlar ki, COVID-19 əleyhinə vaksinlər effektivdir, təhlükəsizdir və insan həyatını xilas etməyə kömək edirlər.
Bu gün dünyada bir çoxları COVID-19 əleyhinə peyvənd olunmaqda zərurət görmürlər, çünki hesab edirlər ki, vaksinlər yoluxma və virusun ötürülməsinin qarşısını almır.
AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla məlumatına görə, ÜST-nin immunizasiya və vaksinasiya üzrə direktoru Keyt O’Brayan Cenevrədə keçirilən mətbuat konfransında çıxış edərək, jurnalistləri əmin edib ki, peyvəndlər xəstəliyin ağır gedişi, xəstəxanaya yerləşdirilmə və ölümün qarşısını effektiv şəkildə alır. O, bəzi KİV və sosial şəbəkələrdə yayılan dezinformasiyaya uymamağa çağırıb.
“Maksimal effektə nail olmaq üçün bütün tövsiyə olunan dozaların tətbiq edilməsi lazımdır, – deyə o izah edib. – Bu, xüsusilə risk qruplarına aiddir”. Bu qruplara 60 yaşdan yuxarı olan insanlar, xroniki xəstəliklərdən əziyyət çəkən insanlar, zəifləmiş immun sistemi olan pasiyentlər, hamilə qadınlar və tibb işçiləri daxildir.
MRNA texnologiyasına əsaslanan vaksinlərin yan təsirinə gəldikdə, O’Brayanın sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı daxil olan məlumatı təhlil edib, insult halları və xüsusilə də “Pfizer” şirkətinin istehsal etdiyi vaksinin buster dozasının tətbiq edilməsi arasında heç bir əlaqə aşkar etməyib.
Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi izah edib: “Çox nadir hallarda” peyvənd miokardit – ürək əzələsinin iltihabı kimi yan təsirə səbəb ola bilər. Lakin, birincisi, bir qayda olaraq, söhbət yüngül formadan gedir, ikincisi isə xəstəlik müalicə olunur.
ÜST hesab edir ki, COVID-19 əleyhinə vaksinin tətbiqindən fayda mümkün riski üstələyir. Bu səbəbdən təşkilatın ekspertləri koronavirus infeksiyasına qarşı peyvənd olunmağa və tövsiyələrə uyğun olaraq əlavə, buster dozalarını tətbiq etməyə çağırırlar.
Koronavirusun XBB 1.5 alt variantına qarşı mövcud olan vaksinlərin effektivliyi ilə bağlı heç bir məlumat yoxdur. Onlar daxil olan kimi, təşkilatın ekspertləri onları tədqiq edərək, rəylərini ictimaiyyətə təqdim edəcəklər.
Doktor О‘Brayan xatırladıb ki, 2021-ci ildə 25 milyon uşaq yayılmış təhlükəli infeksiyalara qarşı bir dənə də olsun vaksin dozası almamışdı. Cari ildə ÜST ötürülmüş vaxtın yerini doldurmaq üçün səyləri aktivləşdirmək niyyətindədir.

Səhiyyə 2023-01-21 11:41:00