×
A
A
A
Sazlamalar

İmmunitetin aşağı düşməsi qripin daha ağır keçməsinə səbəb olur

Bakı, 21 yanvar, AZƏRTAC

Pandemiya dövründəki son üç il ərzində əhali kəskin respirator virus infeksiyalarla çox az təmasda olub. Xəstələnmə halı kəskin şəkildə azalıb və bununla da orqanizmin immunitet qabiliyyəti də aşağı düşüb. Ona görə xəstəlik şiddətli və ağır keçir, sağalma müddəti də uzun çəkir.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Nəzrin Mustafayeva deyib. Hazırda TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində influenza virusuna (qrip) qarşı vaksinasiya aparıldığını deyən N.Mustafayeva ölkəyə gətirilən qrip əleyhinə peyvəndlərin COVID-19-a qarşı peyvəndlə heç bir əlaqəsi olmadığını söyləyib.
“Peyvənd vurdurmaqda məqsəd xəstəliyə yoluxmamaqdır. Ona görə də bunu xəstəliyə yoluxmamışdan əvvəl etmək lazımdır. Əlamətlər hiss olunursa, bu, artıq peyvənd olunmaq üçün əks-göstəriş hesab olunur. Həm uşaqlar, həm də böyüklər TƏBİB-in tabeliyində olan müəssisələrə müraciət edərək qripə qarşı peyvənd vurdura bilərlər. Uşaqlara 9 ayından etibarən peyvənd vurdurmaq olar və peyvəndlər dövlət hesabına aparılır”,- deyib.
Qripə qarşı peyvənd olunmaq tövsiyə xarakteri daşıyır. Həkimlər ciddi xəbərdarlıq edirlər ki, xəstəliyin müalicəsinin ev şəraitində aparılması zamanı müəyyən yüngül tədbirlər görmək olar, lakin özbaşına antibiotik qəbul etmək həyat bahasına başa gələ bilər. Vəziyyət ağırlaşarsa, həkimə müraciət etmək mütləqdir.

Səhiyyə 2023-01-21 11:20:00