×
A
A
A
Sazlamalar

Dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi

Ağcabədi, 21 yanvar, AZƏRTAC

1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisində keçirilən “20 Yanvar həqiqətləri” mövzusunda dəyirmi masada səsləndirilib. Qarabağ regional ofisinin əməkdaş və könüllüləri əvvəlcə Ağcabədi şəhərindəki Qəhrəmanlar parkını ziyarət edərək, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.
Tədbir respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 20 Yanvar həqiqətlərini əks etdirən videoçarx nümayiş etdirilib.
GTM Qarabağ ofisinin əməkdaşı Fəridə Ağayeva 1990-cı ilin qanlı yanvar hadisələrindən danışaraq, günahsız insanlara qarşı törədilmiş vəhşicə əməllər, Azərbaycana qarşı yürüdülən çirkin siyasət, həmin o çətin dövrdə ümummilli lider Heydər Əliyevin haqq səsimizi dünyaya çatdırması yolunda göstərdiyi cəsarətdən bəhs edib.
Tədbirdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb. Mərkəzin əməkdaş və könüllüləri 20 Yanvar faciəsinin xalqımızın tarixində silinməz izlər buraxdığını bildirib, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun rəşadətindən bəhs edərək, ərazi bütövlüyümüzün bərpa olunması ilə şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıblar.

Regionlar 2023-01-21 10:46:00