×
A
A
A
Sazlamalar

Naftalan, Göygöl və Ağstafada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Göygöl, 20 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Naftalan, Göygöl və Ağstafada 20 Yanvar faciəsində Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə rayon sakinləri Şəhidlər xiyabanlarını ziyarət edib, şəhidlərin ruhuna hörmət və ehtiramlarını ifadə ediblər.
Bildirilib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizə və yenilməz iradə rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Düz 33 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir. Rəsmi məlumatlara görə, sovet ordusunun həmin gecə Bakıda törətdiyi qırğın nəticəsində 147 mülki şəxs küçələrdə, evlərdə, avtomobillərində, iş yerlərində öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib, 200-dən çox bina, 80 avtomobil, o cümlədən təcili yardım maşını yararsız hala salınıb.
Ölkə ərazisində olduğu kimi saat 12:00-da Naftalan, Göygöl və Ağstafada da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Regionlar 2023-01-20 20:45:00