×
A
A
A
Sazlamalar

Varşava Universitetində 20 Yanvar faciəsi mövzusunda açıq dərs keçirilib

Varşava, 20 yanvar, AZƏRTAC

Yanvarın 20-də Azərbaycanın Polşadakı səfirliyi və Varşava Universiteti nəzdində Azərbaycanşünaslıq Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan açıq dərs keçirilib.
AZƏRTAC xəbər verir ki, açıq dərsdə Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin müəllim və tələbə heyəti, o cümlədən ali təhsil ocağında təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbirdə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova tədbir iştirakçılarına Qara Yanvarın 33-cü ildönümü mövzusunda mühazirə oxuyub.
Səfir ilk olaraq 1990-cı il yanvarın 20-də baş verən faciəli hadisələrin Azərbaycanda Ümummilli Hüzn Günü olaraq qeyd olunmasının və onun Azərbaycan tarixinə Qara Yanvar kimi düşməsinin səbəblərini izah edib. Eyni zamanda, bu günün Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin və azadlıq istəyinin oyanış günü olduğu vurğulanıb. Faciənin tarixi aspektlərinə toxunan N.Qurbanova sovet rəhbərliyinin xeyir-duası ilə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının xalqımıza qarşı repressiyalar və etnik dözümsüzlüklə nəticələndiyini qeyd edib, onu acı nəticələrini sadalayıb. Sovet hakimiyyətinin məkrli planına etiraz edən Azərbaycan xalqının ermənilərin separatçı və ekstremist əməllərinin qarşısını almaq, ədaləti və demokratik yolla bərpa etmək çağırışının dəhşətli cinayətlə nəticələndiyini bildirib.
Qeyd olunub ki, 1990-cı il yanvarın 20-nə keçən gecə sovet qoşunlarının Bakı və Azərbaycanın bir sıra rayonlarına qarşı həyata keçirdiyi amansız əməliyyat nəticəsində 150 Azərbaycan vətəndaşı öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib. Əməliyyat zamanı nəinki dinc sakinlər qətlə yetirilib, evlər və ictimai obyektlər yandırılıb, hətta təcili yardım maşınları da tanklarla əzilib, yaralılara yardım edən tibb işçiləri güllələnib. Beynəlxalq insan hüquqları təşkilatlarının müstəqil hesabatlarından istinadlar gətirən səfir əməliyyatı həyata keçirmək üçün keçmiş SSRİ müdafiə naziri Dmitri Yazov və daxili işlər naziri Vadim Bakatinin Bakıya gəldiyini vurğulayıb. Vurğulanıb ki, silahsız mülki əhalinin atəşə tutulması əməliyyatı SSRİ Müdafiə Nazirliyinin Stavropol, Krasnodar və Rostov şəhərlərindən səfərbər edilmiş, xüsusi təlim keçmiş erməni əsilli əsgər və zabitlərinin, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları və DTK-nın təxribat qruplarının iştirakı ilə keçirilib. Mixail Qorbaçov başda olmaqla, Sovet rəhbərliyi Bakıda “erməni kartı”ndan məharətlə istifadə edərək, onları və sovet hərbi qulluqçularının ailələrini qorumaq adı ilə şəhərə silahlı dəstələr göndərib. Yanvarın 19-da DTK-nın “Alfa” qrupu dövlət televiziyasının enerji blokunu partladıb, bütün kütləvi informasiya vasitələri fəaliyyətini dayandırıb və nəticədə insanlar informasiya almaq imkanından məhrum edilib.
Səfir vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bu terror aktına açıq şəkildə etiraz edərək ilk dəfə ona siyasi qiymət verib. 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn dahi siyasi xadim yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib və mülki şəxslərin kütləvi şəkildə qətlə yetirilməsini qanuna, demokratiyaya və insanlığa zidd bir hərəkət kimi qəti şəkildə qınayıb. Ulu Öndər Azərbaycanın Prezidenti seçildikdən sonra isə 1994-cü il yanvarın 5-də müvafiq Fərmanla parlamentə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsini tövsiyə edib.
N.Qurbanova əlavə edib ki, baş vermiş faciə nəticəsində BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulub. Bu hadisələr zamanı törədilən əməllər insan hüquqlarını kobud və kütləvi şəkildə pozan, beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarına açıq-aşkar hörmətsizliklə yanaşılan və Azərbaycanın suverenliyi, müstəqilliyi əleyhinə yönəlmiş silahlı təcavüz aktı olmaqla yanaşı, eyni zamanda, insanlıq əleyhinə cinayətdir.
Səfirin çıxışının sonunda qeyd olunub ki, bu gün Azərbaycanın müstəqilliyi, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban verən qəhrəman şəhidlərimizin ruhları şaddır. Çünki Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan öz müstəqilliyini nəinki hər keçən gün daha da möhkəmləndirib, eyni zamanda, rəşadətli Azərbaycan Ordusu 30 illik Ermənistan işğalına son qoyaraq Vətənimizin ərazi bütövlüyü bərpa edib.
Açıq dərs çərçivəsində tələbələrin “Bakıda 1990-cı ilin Qara Yanvarı” adlı təqdimatı da olub.
Daha sonra faciədən bəhs dən sənədli film nümayiş olunub və mövzu ətrafında tələbələrin sualları cavablandırılıb.

 
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava

20 yanvar 2023-01-20 17:39:00