×
A
A
A
Sazlamalar

20 Yanvar şəhidlərinin xatirəsi Qarabağ bölgəsində anılıb

Ağdam, 20 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinin 33-cü ildönümü Qarabağ bölgəsində böyük ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtərdə 20 Yanvar – Ümumxalq Hüzn Günü kədər və böyük qürur hissi ilə qeyd olunub. Çünki 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayət olsa da, həm də xalqımızın qəhrəmanlıq salnaməsi, azadlıq mücadiləsidir.
Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunub, abidənin önünə gül dəstələri qoyulub.
Mərasim iştirakçıları məktəblilərin 20 Yanvar faciəsinə həsr etdikləri əl işlərindən ibarət sərgiyə baxıblar.
Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. "20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda keçirilən tədbirdə Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsindən, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilən faciədən bəhs edilib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev o zaman özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, törədilən qətliamı pislədi, hadisələrə hüquqi qiymət verilməsini, habelə günahkarların cəzalandırılmasını tələb etdi. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə ölkəmizdə siyasi-hüquqi qiymət verildi.
Sonda Ulu Öndərin 1990-cı il yanvarın 21-də Moskva nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı səsləndirdiyi bəyanata həsr olunmuş film izlənilib.

X X X

20 Yanvar şəhidlərinin xatirəsi Yevlaxda da ehtiramla anılıb. Yevlax Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin kollektivləri, şəhid ailələri, qazilər, veteranlar Şəhidlər xiyabanında 20 Yanvar abidəsinin önünə və şəhid məzarlarının üzərinə tər qərənfillər düzüb, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirdə vurğulanıb ki, hər il xalqımız faciə qurbanlarını hörmət və ehtiramla yad edir. Bu il Azərbaycan xalqının qan yaddaşına əbədi yazılan bu qəhrəmanlıq tarixinin 33-cü ildönümüdür. Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır.
Yevlax Şəhər Mədəniyyət Mərkəzi tərəfindən 20 Yanvar faciəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya da nümayiş etdirilib.

X X X

20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə Ağdam rayon Şəhidlər Abidə Kompleksinin qarşısında keçirilən tədbirdə şəhid ailələri və qazilər, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Bakı şəhərində dinc əhaliyə divan tutulmasından, yüzlərlə insanın qətlə yetirilməsindən, vaxtında dərindən araşdırılmayan və lazımi qiymətini almayan faciəyə yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsindən söz açıblar.
Sonra tədbir iştirakçıları Şəhidlər Abidə Kompleksinin önünə gül dəstələri düzərək şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Respublikanın hər yerində olduğu kimi, Ağdam rayonunda da saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

X X X

Azərbaycan xalqının tarixinə qanlı səhifə kimi daxil olmuş 20 Yanvar faciəsinin 33-cü ildönümü Beyləqan rayonu ərazisində məskunlaşmış xocavəndlilər tərəfindən də silsilə tədbirlərlə qeyd olunub.
Yanvarın 20-də keçirilən ümumrayon tədbirində icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xocavəndlilər şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzərək, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsini böyük hörmətlə anıblar.

Regionlar 2023-01-20 17:24:03