×
A
A
A
Sazlamalar

ÜST: dünyada COVID-19-a yoluxma hallarının sayı həftə ərzində 9 faiz azalıb

Bakı, 20 yanvar, AZƏRTAC

Yanvarın 9-dan 15-nə kimi dünyada 2,7 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 13 minə yaxın insan ölüb. Xəstəliyə yoluxma hallarının sayı ötən yeddi gün ilə müqayisədə 9 faiz azalıb, ölüm hallarının sayı isə 1 faizə qədər artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülletenində deyilir.
ÜST-nin informasiya bülleteninə əsasən, dünyada həftə ərzində xəstəliyə 2 754 445 yoluxma və 12 923 ölüm halı qeydə alınıb. Yaponiya yeddi gün ərzində ən çox - 1 025 321 yoluxma halı barədə məlumat verib. Daha sonra ABŞ (415 864), Koreya Respublikası (286 291), Avstraliya (191 750) və Çin (190 451) qərarlaşıb. Birləşmiş Ştatlarda həftə ərzində ən çox - 3 922 ölüm halı qeydə alınıb. Daha sonra Yaponiya (2 849), Çin (802), Avstriya (742) və Fransa (520) yer alıblar.
Xəstəliyə yoluxma hallarının sayının ötən yeddi gün (2-8 yanvar) ilə müqayisədə artması Şərqi Aralıq Dənizində (6 faiz) qeyd olunub. Eyni zamanda, yoluxma hallarının sayı Afrikada - 40 faiz, Avropada - 35 faiz, Cənubi-Şərqi Asiyada - 17 faiz, Amerikada - 12 faiz azalıb.
Ölüm hallarının sayı Avropada (40 faiz) və Cənub-Şərqi Asiyada (13 faiz) azalıb. Eyni zamanda, Qərbi-Sakit Okean regionunda - 43 faiz, Amerikada - 10 faiz, Şərqi Aralıq Dənizində - 9 faiz artım qeydə alınıb.

Səhiyyə 2023-01-20 16:57:00