×
A
A
A
Sazlamalar

20 Yanvar xalqımızın milli azadlıq hərəkatının yüksəliş zirvəsidir

Şəki-Zaqatala bölgəsi, 20 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Böyük itkilər və günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərlərinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Həmin qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, faciənin səbəbkarlarını lənətləyir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müasir Azərbaycan tarixinin ən faciəli, eyni zamanda, xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindən olan 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü respublikamızın şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında da xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur günü kimi qeyd edilib.
Yanvarın 20-də rayonların icra hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ayrı-ayrı əmək kollektivlərinin və ictimaiyyətin nümayəndələri 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidələri, Şəhidlər xiyabanlarını ziyarət edərək, qəhrəman oğul və qızlarımızın xatirəsini ehtiramla anıb, şəhidlərin müqəddəs ruhları qarşısında baş əyiblər.
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar keçirilən toplantılarda, anım tədbirlərində Qanlı Yanvar hadisələrinin cinayətkar mahiyyəti, onu doğuran səbəblər, faciənin acı nəticələri barədə məlumat verilib. Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, müstəqillik ideyaları uğrunda mücadilə aparan Azərbaycan xalqının inam və iradəsini qırmaq məqsədi ilə sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı ən qanlı cinayətlərdən biri törədilib. 20 Yanvar xalqımızın milli azadlıq hərəkatının yüksəliş zirvəsidir.
Keçirilən tədbirlərdə faciənin günahkarlarının üzə çıxarılmasında, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi vurğulanıb.

Regionlar 2023-01-20 16:07:05