×
A
A
A
Sazlamalar

Qırmızı qərənfillərə bürünmüş Şəhidlər xiyabanı - FOTOREPORTAJ

Qanlı Yanvardan sonra qərənfilin üzü gülmür

Bakı, 20 yanvar, AZƏRTAC
Qərənfilin taleyi bir gecənin içində dəyişdi. 1990-cı ilin qanlı 20 Yanvar gecəsinədək qərənfil adi güllərdən biri idi. Toya, ziyafətə və görüşə gedənlər çiçəklərin arasında qərənfil də aparardılar. Bir vaxtlar məhəbbət rəmzi olan qərənfil həmin gecədən sonra matəm çiçəyinə, hüzn simvoluna çevrildi.

 


1990-cı ilin Qanlı 20 Yanvar gecəsi xalqımızın tarixi yaddaşına qara hərflərlə yazıldı. Günahsız dinc sakinlərin qan izlərinin “çiçək açdığı” hər yerə qırmızı qərənfillər səpildi. Bakı qərənfil dənizinə qərq oldu. 20 Yanvar faciəsi təkcə insanların deyil, həm də qərənfillərin taleyində öz izini qoydu.
Bakıda qanlı şənbə gecəsinə şahidlik edən hər küçəyə, səkiyə qırmızı qərənfillər döşəndi. O gündən qərənfil şəhid qanının rəmzinə çevrildi...
Mərhum şairimiz Məmməd Aslanın “Ağla, qərənfil, ağla!” dillər əzbəri oldu:

 

Qərənfil - şəhid qanı,
Ağla, qərənfil, ağla!
Ağla, inlət meydanı,
Ağla, qərənfil, ağla!
 
Sinələr güllə-güllə,
Qan axır, dönür gülə.
Qərənfillər ağlayır,
Düşmənə gülə-gülə.
Ağla, qərənfil, ağla!

Qərənfil ağlayır, bizi də ağladırdı...
Hər il minlərlə ziyarətçi azadlıq qurbanlarının uyuduğu Şəhidlər xiyabanına üz tutaraq qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər qoymaqla öz ehtiramlarını ifadə edirlər.

  


Paytaxt küçələri, xüsusilə Şəhidlər xiyabanı və ora aparan yollar yenə qırmızı qərənfillərə bürünüb. Əlində qərənfil olan on minlərlə insan xiyabana axışır. Xalqımız müstəqilliyinə qovuşduğuna, şəhidlərin arzuları çiçək açdığına görə bu gün həm də təsəlli tapır.
AZƏRTAC-ın fotomüxbiri Şəhidlər xiyabanındakı qərənfil dənizini və oradakı duyğusal mənzərələri fotokameranın yaddaşına köçürüb.

Cəmiyyət 2023-01-20 15:09:00