×
A
A
A
Sazlamalar

Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Abşeron, 20 yanvar, AZƏRTAC

Abşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 33-cü ildönümü dərin ehtiramla yad edilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Xırdalan səhərində Şəhidlər abidəsi ziyarət olunub.
Sonra Heydər Əliyev Mərkəzində “Ümummilli Lider Heydər Əliyev və 20 Yanvar həqiqətləri” mövzusunda tədbir keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxışında bildirib ki, 20 Yanvar faciəsinə aparan yol hələ 1987-ci ildən başlanıb. Azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı bir zamanda gərginlik artan xətt üzrə inkişaf etmiş və bilərəkdən artırılmışdır. Sovet rəhbərliyi isə gərginliyin qarşısını almaq istiqamətində nəinki tədbirlər görməyə çalışmış, əksinə keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmağımıza görə Azərbaycanı cəzalandırmaq yolunu tutaraq Qanlı Yanvar qırğınını törətmişdir.
Faciədən dərhal sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etmişdir. Ulu Öndər sonrakı fəaliyyəti dönəmində də 20 Yanvar həqiqətlərinə hüquqi qiymət verilməsi istiqamətində çox mühüm addımlar atmışdır. Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etmişdir. 1994-cü il mart ayının 29-da Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etmiş, 1998-ci ildə isə “20 Yanvar Şəhidi” fəxri adı təsis olunmuşdur.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır.
Daha sonra “20 Yanvar Cəmiyyəti”nin Abşeron Rayon Şöbəsinin sədri Eyşan İsgəndərov, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, Vətən müharibəsi şəhidi Rauf İbadovun atası Məhərrəm İbadov çıxış edərək bildiriblər ki, Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsi təkcə ümumxalq hüzn günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur.

Regionlar 2023-01-20 15:04:58