20 Yanvar faciəsində Xaçmazın bir, Qubanın iki sakini şəhid olub VİDEO
Xaçmaz, 20 yanvar, Elxan Yusifli, AZƏRTAC
20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycanın şimal rayonlarında da böyük ehtiramla anılıb. Faciənin 33-cü ildönümü ilə əlaqədar Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarında Şəhidlər xiyabanları ziyarət olunub, anım mərasimləri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 20 Yanvar faciəsində Xaçmazın bir, Qubanın iki sakini şəhid olub.
Azadlıq yolunda canından keçmiş Zahid Abdullayev 1959-cu il martın 5-də Xaçmaz rayonunun Uzunoba kəndində anadan olub. Qanlı Yanvar hadisələri zamanı Z.Abdullayev zavoddakı iş yoldaşları ilə birlikdə meydanda etiraz səsini ucaldanlar arasında idi. Həmin gecə o, evə qayıtmayıb. Səhər ailəsi onun şəhid olduğunu öyrənib. İki oğul, bir qız atası olan şəhid Z.Abdullayev Xaçmaz rayonunun Uzunoba kəndində dəfn edilib. Kənddəki orta məktəb şəhidin adını daşıyır.
20 Yanvar hadisələri zamanı Qubanın iki sakini şəhid olub, üç nəfər isə yaralanıb. Şəhid Elçin Qeybullayev 1968-ci ildə Quba rayonunun Küçeyi kəndində doğulub. Hərbi xidməti başa vurduqdan sonra Bakı şəhərində işləməyə başlayıb. Qanlı faciə baş verən gecə yoldaşları ilə birlikdə “Salyanski kazarma” deyilən yerdə tankların qarşısına əliyalın çıxan Elçin qəhrəmancasına şəhid olub. Quba rayonu Küçeyi kənd ümumi orta məktəbi E.Qeybullayevin adını daşıyır.
Şəhid Rahib Hüseynov Quba şəhər qəbiristanlığında dəfn edilib. Səkkiz övlad atası olan R.Hüseynov həmin gün şəxsi işi ilə əlaqədar rayondan Bakıya gedib. Avtomobildə güllə yağışına tuş gəlib və aldığı ağır yaralardan şəhid olub.
Bakı vaxtı ilə saat 12:00-da bütün rayonlarda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mart soyqırımı Azərbaycan tarixinin heç vaxt unudulmayacaq qan yaddaşıdır
Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb
Biləsuvar rayonunda mədəniyyət müəssisələrinə baxış keçirilib
Mədəniyyət Nazirliyinin rəhbərliyi Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib
Sumqayıt teatrının “Missiya” tamaşası Dövlət Sərhəd Xidməti Akademiyasında nümayiş olunub