Qazi: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı hər birimiz üçün örnəkdir
Bakı, 20 yanvar, Göyçək Mahmudlu, Elmir Səftərov, AZƏRTAC
1990-cı il 20 Yanvar hadisələri zamanı şəhid olan, yaralanan vətəndaşlarımızın qəhrəmanlığı hər birimiz üçün örnəkdir. Çünki həmin hadisələrin iştirakçıları sovet ordusunun zirehli tanklarının, silahlı əsgərlərinin qarşısına əliyalın çıxmışdılar. Onlar öz canlarını tanklar, güllələr qarşısında sipər etdilər. Sovet ordusu həmin gecə şəhərdə törətdiyi faciə ilə xalqımızın gözünü qorxudacağını düşünürdü. Lakin hər şey onların gözlədiyinin əksinə oldu. Xalqımızın azadlıq çağırışı susmadı, müstəqillik arzusu boğulmadı. Meydanlardan çəkilməyən xalqımız öz istəyinə nail oldu. Düşmən Azərbaycan xalqının həmrəyliyi qarşısında tab gətirə bilmədi. Birliyimiz, qorxmazlığımız və ən əsas bu yolda canını fəda edən şəhidlərimiz sayəsində qolumuzdakı, ayağımızdakı zəncirləri qıraraq 70 illik əsarətdən xilas olduq. Otuz üç il keçsə də, o hadisələri görən, görməyən, xatırlayan, xatırlamayan hər kəs müstəqilliyimizin memarlarını unutmur, hər il onların məzarlarını ziyarət edərək bir daha şəhidlərə minnətdarlıqlarını bildirir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Vətən müharibəsi qazisi İlkin Fərzəliyev söyləyib.
Vətən müharibəsində də qələbəni şərtləndirən əsas amillərdən birinin həmrəyliyimiz olduğunu deyən qazi sözlərinə belə davam edib: "Müharibənin ən qızğın zamanlarında, yorğun, yuxusuz, ac-susuz olduğumuz vaxtlarda xalqımızdan gələn dəstək mesajları, cəbhə xəttinə məktub yollayan məktəblilərin, azyaşlıların inamı, pensiyasını, ərzağını cəbhə bölgəsinə göndərərək "üzrlü sayın, gücümüz buna yetdi" deyən vətəndaşların sevgisi bizi ayaqda saxladı, tükənən qüvvəmizi bərpa etdi. Bu dəfə dünya xalq-ordu-iqtidar birliyinin qarşısında tab gətirə bilmədi. Vətən müharibəsi hərb tarixinə düşəcək xüsusi əməliyyatların keçirildiyi döyüşlərlə yadda qaldı. 44 gün ərzində hər kəs müxtəlif cəbhələrdə döyüşdü, bütün mübarizələrdən qalib ayrıldıq. Son nəticədə isə şanlı Zəfər əldə edərək həm ərazi bütövlüyümüzü bərpa etdik, həm də şəhidlərimizin və başımıza gətirilən faciələrin qisasını aldıq. 2020-ci ilin payızında Azərbaycan beynəlxalq qurumların, böyük dövlətlərin uzun illər görməzdən gəldiyi haqq-ədaləti 44 günə bərpa etdi. Qələbə bizə asan başa gəlmədi. Həmin müqəddəs yolda canımızdan canlar getdi, qəhrəman döyüş yoldaşlarımızı itirdik. Lakin onların qanı yerdə qalmadı, uğrunda canlarından keçdikləri torpaqlar düşmən tapdağından xilas edildi. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Hər birimiz onların məzarını üzüağ, alnıaçıq ziyarət edirik. Vətənimizin azadlığı, suverenliyi uğurunda canını qurban verən şəhidlərimizi hər zaman xatırlayacaq, onların şərəfli həyat və döyüş yolunu gələcək nəsillərə çatdıracağıq".
Latviyada Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib
Parisdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO
Səudiyyə Ərəbistanın nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb
“Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” xarici mediada
20 Yanvar faciəsi Özbəkistan mətbuatında geniş şəkildə işıqlandırılıb