×
A
A
A
Sazlamalar

Paytaxtın “20 Yanvar” meydanında anım tədbiri

Bakı, 20 yanvar, Emil Məlikov, AZƏRTAC
Hər bir xalqın özünü dərk etməsində dönüş nöqtəsi yaradan, yaddaşında çox dərin izlər buraxan hadisələr var. 20 Yanvar faciəsi də Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Otuz üç il əvvəl 1990-cı ilin 20 Yanvar günü baş verənlər müasir tariximizin həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. Dövlətimizin, xalqımızın azadlığını hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Azərbaycanın ərazi bütövlüyünü hədəf seçən erməni separatçılığına və onlara dəstək verən qüvvələrə dinc şəkildə etiraz edən insanlara divan tutan cəza maşını azərbaycanlıların qəlbindəki azadlıq duyğularını öldürə bilmədi. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş o qanlı gecədən illər keçməsinə baxmayaraq 20 Yanvar faciəsi xalqımızın yaddaşında həmişə təzədir. Şəhidlərimizin xatirəsini əziz tutmaq bizim hər birimizin vətəndaşlıq və vicdan borcudur. Artıq 20 Yanvar şəhidlərimizi qalib xalqın nümayəndələri kimi yad edirik.
AZƏRTAC xəbər verir ki, 20 Yanvar faciəsinin 33-cü ildönümündə paytaxtın “20 Yanvar” dairəsində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksini ziyarətə gələnlərin ardı-arası kəsilmirdi. Əllərində tər çiçəklər tutmuş insanların baxışlarında qürur, mübarizlik özünü büruzə verirdi.
Yasamal Rayon İcra Hakimiyyəti və qeyri-hökumət təşkilatları tərəfindən abidə önünə əklil və gül dəstələri qoyularaq, şəhidlərin xatirəsi ehtiramla anılıb.
Saat 12-də 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla anılmasından sonra ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban verən insanların ruhuna bir daha hörmət və ehtiram ifadə olunub.
Ziyarətə gələnlər arasında təqaüdçü Rza Mahmudov AZƏRTAC-a müsahibəsində o vaxt “20 Yanvar” dairəsində baş verənləri yaxşı xatırladığını deyib: “1990-cı ilin yanvarında sovet imperiyası milli azadlıq hərəkatını boğmaq üçün Bakıda qırğın törətdi. O zaman igid Azərbaycan oğul və qızları küçələrdə hərbi texnikanın önünə əliyalın çıxmışdılar. Bu hadisələr zamanı qətlə yetirilənlərin çoxu məhz burada düşmən gülləsinə tuş gəlib. Yanvarın 19-da gecə bu əraziyə çoxlu insan yığılmışdı. Tankların insanlara doğru hərəkət etdiyini gördük. Respublika Klinik Xəstəxanasının yanından insanlara - uşaq, gənc, ahıl demədən, hamıya atəş açırdılar. Ölən və yaralananların sayı çox idi. Bəşər tarixində belə bir faciə törədilməmişdi".
Anım mərasimində iştirak edən Sevda Cavanşirova bu faciədə şəhid olmuş atası İlkin Cavanşirov haqqında danışıb: “Atam taksi sürücüsü idi, o zaman bu faciədə öz maşını ilə yaralıları xəstəxanalara daşıyarkən sovet ordusunun gülləsinə tuş gələrək şəhid olub".
Müsahibimiz ozamankı dəhşətli anları xatırlayaraq vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev həmin dövrdə olan bütün çətinliklərə baxmayaraq, 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedib və SSRİ rəhbərliyinin törətdiyi bu cinayətin humanizmə zidd olduğunu bəyan edib: "Bakıda törədilmiş cinayətlər haqqında həqiqətlərin ilk dəfə dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin bu qətiyyətli addımı mühüm əhəmiyyət kəsb edirdi”.
Şəhid Cavad İsmayılovun həyat yoldaşı Həcər İsmayılova o qanlı gecədə baş verənləri hər zaman böyük ürəkağrısı ilə xatırladığını deyir: “O hadisələrdən 33 il keçməsinə baxmayaraq, bu qəhrəmanlıq salnaməsi heç vaxt unudulmur və unudulmayacaq. 20 Yanvar bizim qanlı keçmişimizdir. Onlar Vətən uğrunda şəhid olublar. Həmin faciəli günlərdə Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Qoy, şəhidlərimiz rahat uyusunlar. Çünki onların azadlığı uğrunda canlarından keçdiyi Vətənimiz bu gün azaddır. 2020-ci il Azərbaycan xalqı üçün qələbə ili oldu. Otuz ilə yaxın düşmən tapdağı altında qalan dədə-baba torpaqlarımız işğaldan azad olundu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Şəhidlərimizin qanı yerdə qalmadı. Onların qisası alındı. Bu xalqımıza qürur yaşatdı. Bu günləri bizə yaşatdığına görə Müzəffər Ali Baş Komandana, rəşadətli Ordumuza minnətdarıq”.
Ziyarətçilərdən Səda Ələkbərzadə bu faciədə şəhid olmuş qardaşı haqqında danışaraq deyib: "Qardaşım Azər Ələkbərov 20 Yanvar faciəsində qəhrəmancasına şəhid oldu. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinin tələbəsi idi. Qardaşım həmin faciə zamanı gecə evdən çıxdı və geri dönmədi. O, vətəninə və xalqına bağlı bir insan idi...”.
Müsahibim daha sonra dahi şəxsiyyət Heydər Əliyevin milləti və xalqı üçün ozamankı səylərindən danışaraq bildirib ki, Ulu Öndər böyük cəsarət göstərərək 1990-cı ilin 20 Yanvar faciəsinə əsl siyasi-hüquqi qiymət verməklə yanaşı, “20 Yanvar Şəhidi” fəxri adı da təsis edib. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, həlak olanların ailələrinə yardım göstərilməsi istiqamətində müxtəlif fərman və sərəncamlar imzalanıb. Şəhid ailələrinin və əlillərin sosial müdafiəsi ilə bağlı dövlət siyasəti hazırda Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu hadisələrin hər il xatırlanması tam qətiyyətlə deməyə əsas verir ki, Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi Azərbaycan xalqının qəlbində daim əbədi yaşayacaq.

20 yanvar 2023-01-20 14:21:00