×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsinin 33-cü ildönümü Bakı metropolitenində xüsusi tədbirlərlə qeyd edilib VİDEO

Bakı, 20 yanvar, AZƏRTAC

1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu tarix milli müstəqilliyin və azadlıq uğrunda mübarizənin rəmzinə çevrilib.
Azərbaycanın qədərini, məsum insanlara açılan atəşlə tarixin axarını tam dəyişən, milli intibahın təməlini qoyan o gecədə metropolitenin də özünəməxsus rolu var. Məhz sübhə qədər dayanmadan çalışan metropoliten o müdhiş gecənin faciəsinin daha böyük miqyas almamasında xüsusi yer tutdu. Metro güllələrdən qaçan insanların sığınacaq yeri, yaralıların, köməyə çatmağa çalışan tibb işçilərinin yeganə təhlükəsiz nəqliyyat vasitəsi, ümid, pənah yeri oldu.
Atəş sədalarının Bakı səmasını lərzəyə saldığı o gecə metro sonuncu sərnişinlərini qəbul edib, qatarların cədvəl üzrə depoya göndərməli və yeni günə hazırlaşmalı idi. Lakin XI “Qızıl ordu” meydanında tanklar barrikadaları yarıb, mərkəzə doğru irəliləməyə başlayanda, həmin meydanın adını daşıyan stansiyaya (indiki - “20 Yanvar”) sığınacaq yeri kimi pənah gətirənlərin ilk dəstəsi daxil olmağa başladı. Elə həmin vaxt metroya ilk yaralılar gətirildi. Daşınan yaralıların al qanının izləri vestibül və platforma üzərində artmağa başladı. Onları xəstəxanaya çatdırmaq üçün metro ən rahat və etibarlı vasitə idi.
“20 Yanvar” (o vaxt - “XI Qızıl Ordu meydanı”) stansiyası ilə yanaşı, “Koroğlu” (o vaxt - “Məşədi Əzizbəyov”) və “İçərişəhər” (o vaxt - “Bakı Soveti”) metro stansiyalarına pənah gətirənlərin sayı daha çox idi. Köməyə, yardıma tələsən, ailə üzvünü, əzizini axtarmaq sorağı ilə küçələrə atılan insanları məhz metropolitenə üz tutdular, mənzil başına çatdırıldılar.
Metropoliten rəhbərliyi qətiyyət nümayiş etdirib qatarların səhərə kimi işləməsi barədə qərar qəbul etdi. Qanlı Yanvar gecəsində metropolitençilər həyatlarını riskə ataraq, sübhədək yaralıları, öldürülənləri qorxu bilmədən, fədakarlıqla xəstəxanalara daşıdılar, xain gülləsindən qaçanları qorudular. Bəlkə də metropolitençilər o gecə səhərə qədər iş başında olmasaydılar, həyatlarını riskə atıb əhaliyə yardım əlini uzatmasaydılar, öldürülənlərin sayı minlərlə ölçülərdi.
O gecə metropoliten də şəhid verdi. Bakıda törədilən qətliamın günahsız qurbanları arasında Bakı metropoliteninin iki əməkdaşı - “Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov da var. Tanklar şəhərə daxil olarkən törədilən dəhşətlərin şahidi olmuş yol xidmətinin işçisi Valeh Məmmədov yaralandı, bir müddət sonra isə keçirdiyi ağır əsəb gərginliyindən, gördüyü dəhşətlərdən tapdığı sağalmaz xəstəlikdən dünyasını dəyişdi.
Bu gün də o gecənin hissləri, duyğuları, söhbətləri metropolitençilər arasında xüsusi yer tutur, yeni nəsillərə ötürülür. Söz yox ki, məhz o gecənin canlı şahidi kimi hər il 1990-cı ilin Qanlı Yanvar gecəsinin xatirəsi Bakı metropolitenində xüsusi qarşılanır, mərasimlərlə anılır.
Həmin gün qan tökülən əsas ərazilərdən biri olan XI “Qızıl ordu” meydanının, eləcə də həmin meydanın adını daşıyan metro stansiyasının adı dəyişdirilərək “20 Yanvar” qoyulması da bu səbəbdən tarixin ədalətli qərarıdır.
AZƏRTAC xəbər verir ki, 1990-cı ilin qanlı 20 Yanvar gecəsinin 33-cü ildönümü Bakı metropolitenində xüsusi tədbirlərlə qeyd edilir. Hər il olduğu kimi, bu ildə faciə qurbanlarının anım günlərində qərənfillərin düzüldüyü stansiyalarda günün ruhuna uyğun musiqi parçaları səsləndirilir, qatarlarda maşinistlər stansiyaları radiorabitə vasitəsilə elan edirlər.
Xalqımızın azadlıq yolunun dönüş nöqtəsi olan o gecənin və onun günahsız şəhidlərinin xatirəsi Bakı metropolitenində daim əziz tutulur və xüsusi tədbirlər və mərasimlərlə anılır. Bu il də həmin tarixi adında daşıyan “20 Yanvar” stansiyasının platformasının sütunlarına, döşəməsinə, vestibüldə isə 20 Yanvar tarixi şəhidlərinin və 1994-cü il 19 mart terroru qurbanlarının adlarının həkk olunduğu divarlara xüsusi tərtibatlı qərənfil çələngləri yerləşdirilib. Stansiya platformasında metropolitençilərdən fəxri qarovul dəstəsi düzülüb.
Saat 12:00-da, bütün ölkə ərazisində olduğu kimi, Bakı metropolitenində də bir dəqiqəlik sükut elan edilib, stansiyalara çıxarılan qatarlar bir dəqiqə ərzində matəm fiti verib.
Ənənəsinə sadiq qalan “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və kollektivinin nümayəndələri anım dəqiqəsini “20 Yanvar” stansiyasının platformasında sərnişinlərin əhatəsində qeyd ediblər.
Həmin gün vəzifə borcunu yerinə yetirən “Bakı Metropoliteni” QSC-nin veteran işçiləri - təlimatçı-maşinistlər Cahil Həsənov, metro veteranı, maşinist İbrət Tahirov və baş mühəndis Əlixan Osmanov həmin gecə ilə bağlı xatirələrini bölüşüblər. Bildiriblər ki, 20 Yanvar hadisələrinə aparan yol 1987-ci ildə başlanılmışdı. O zamandan ermənilər azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmağa başladılar və həmin yol 1990-cı il yanvarın 20-nə qədər uzandı. O gecə biz maşinistlər səhərədək işlədik. Keçmiş sovet rəhbərliyi həmin gecə fövqəladə vəziyyət elan etmədən qoşunlarını Bakıya yeritdi. 20 Yanvar gecəsi insanlar güllələrdən yayınmaq üçün sığınacaq yeri kimi Bakı metrosuna üz tuturdular. Həmin gün Azərbaycan xalqı öz azadlığını və suverenliyini bərpa etmək üçün meydanlara çıxmışdı. Bu gün qürur hissi ilə deyə bilərik ki, şəhidlərimizin qanı yerdə qalmadı. Biz müstəqilliyimizi və azadlığımızı neçə-neçə günahsız oğul və qızlarımızın qanı bahasına qazanmışıq. Ona görə Azərbaycanın müstəqilliyini, suverenliyini, istiqlaliyyətini qorumaq və respublikamızı daha da inkişaf etdirmək üçün hamımız dövlətimizin başçısının ətrafında sıx birləşməliyik. 20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir. Bu faciənin hər il yad edilməsi və kütləvi tədbirlərlə qeyd olunması tam qətiyyətlə deməyə əsas verir ki, Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
Hər il Bakı metropoliteninin kollektivi, iki günahsız qurbanının da uyuduğu Şəhidlər xiyabanını ziyarət edir, onların ruhları qarşısında baş əyərək dualar oxuyur.
Onlar tam əminliklə vurğulayıblar ki, illər keçəcək, Azərbaycan xalqının müstəqillik əzminin sarsılmazlığının nümayişi olan, müstəqilliyimizin dönməz təməlini qoyan o 20 Yanvar gecəsi heç vaxt unudulmayacaq və unutdurulmayacaq. Qanlı Yanvar təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk başlanğıcı, milli məfkurəmizin azadlıq istəyinin ilk oyanışıdır.

20 yanvar 2023-01-20 13:55:00

Video