×
A
A
A
Sazlamalar

Azərbaycan xalqı 20 Yanvar hadisələrində sarsılmazlığını, mətinliyini göstərdi

Ağcabədi, 20 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

1990-cı ilin Yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Azərbaycan xalqı haqlı olaraq bu hadisələrə etiraz səsini ucaltdı. İnsanların haqq səsini boğmaq üçün 1990-cı ilin yanvarında sovet qoşunları ölkəmizə yeridildi, Bakıda, Azərbaycanın digər şəhər və rayonlarında kütləvi qırğınlar törədildi.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağcabədi sakini, 20 Yanvar hadisələrinin şahidi Eldəniz Qənbərov söyləyib.
Müsahibimiz o qanlı gecədə yaşananları belə xatırlayır: “Həmin dövrdə tələbə idim. İnstitutun 4-cü kursunda oxuyurdum. İnsanlar SSRİ rəhbərliyinin yarıtmaz idarəçiliyinə qarşı öz etirazlarını bildirirdilər. Şəhərə xəbər yayılmışdı ki, SSRİ rəhbərliyinin göstərişi ilə Bakı şəhərinə qoşun yeridiləcək. Mən “Azdrama”nın arxasında yerləşən keçmiş Poluxin küçəsində kirayədə qalırdım. Ümumiyyətlə, həmin günlər şəhərdə hərbçilərin sayı artmışdı. Bir qrup ziyalı çalışırdı ki, hərbçilərə hadisələrin mahiyyətini izah etsinlər. Rəhmətlik aktyorumuz Eldəniz Zeynalov, Telman Adıgözəlov və digərləri hərbçilərə izah edirdilər ki, ermənilər zaman-zaman azərbaycanlılara qarşı necə ağır cinayətlər törədiblər. Bu xalq öz haqqını müdafiə edir. Hadisələrdən bir gün əvvəl mən küçəyə çıxanda bir qrup əsgərin patrul xidmətini yerinə yetirdiyini gördüm. Onlarla söhbət etdim, ermənilərin zaman-zaman törətdikləri vəhşilikləri bir-bir sadaladım.
Onu da deyim ki, insanlar şəhərə yeridilən tankların lülələrinə qərənfil qoymuşdular. Bununla da xalqımızın sülhsevər xalq olduğunu nümayiş etdirirdi.
Amma yanvarın 19-dan 20-nə keçən gecə həmin tankların səsi bütün şəhəri bürüdü. Göyün üzü işıq saçan güllələrlə dolu idi. Güllə səsləri ara vermirdi. Mənim yaşadığım küçənin qarşısına bir hərbi texnika gələrək dinc insanlara, eləcə də evlərə atəş açmağa başladı. İnsanlar çaş-baş qalmışdılar. Sülhsevər ordu kimi tanınan sovet ordusundan belə qəddarlığı heç kim gözləmirdi. Tanklar, BTR-lər qarşısına çıxan maşınları əzərək üzərilərindən keçir, insanlara atəş açırdılar”.
Eldəniz Qənbərov qeyd edib ki, 20 Yanvar hadisələrində Azərbaycan xalqı sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi: “Rus generalları nə qədər çalışsalar da, bunun qarşısını ala bilmədilər. Camaatın üzərinə texnikaları sürməklə qorxutsalar da, onlar buna məhəl qoymayaraq dəfn mərasimində iştirak edirdilər.
Xalqımız şəhidlərini son mənzilə yola saldı. Bu vəhşilikdən sonra hamı birmənalı şəkildə Azərbaycanın SSRİ-nin tərkibindən çıxaraq müstəqil bir dövlət olması tələbini dilə gətirir və azadlıq, müstəqillik şüarlarını səsləndirirdilər”.
20 Yanvar hadisələrinin şahidi bildirib ki, yanvarın 20-si matəm günü kimi deyil, xalqımızın qəhrəmanlıq günü kimi qeyd edilməlidir. Çünki bugünkü azadlığımız həmin şəhidlərin qanı bahasına qazanılıb.

Regionlar 2023-01-20 13:52:38