×
A
A
A
Sazlamalar

Bəhreyn qəzetində 20 Yanvar faciəsi haqqında məqalə dərc edilib

Bakı, 20 yanvar, AZƏRTAC

Bəhreyn Krallığının “The Daily Tribune-News of Bahrain” qəzetində ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin “Azərbaycan xalqının Qara Yanvarı” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan xalqının 1990-cı il yanvarın 20-də 26 minlik sovet qoşunları tərəfindən Bakıda aralarında qadın, uşaq və yaşlılar olmaqla vəhşicəsinə qətlə yetirilmiş yüzlərlə günahsız insanın xatirəsini andığı qeyd olunub. Eyni zamanda, Ermənistandan da 250 minə yaxın azərbaycanlı öz doğma yurdlarından qovulub. Həmin ildə qonşu dövlət Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürüb və bu, uzun illər davam edən və böyük faciələrə səbəb olan müharibənin başlanmasına səbəb olub. Təcavüzkar Ermənistanın sovet hakimiyyətinin liderləri tərəfindən dəstəklənməsi Bakıda insanların meydanlarda etirazı ilə nəticələnib, milli azadlıq hərəkatına çevrilən bu nümayişlərin fotoşəkli nüfuzlu “Newsweek” nəşrinin üz qabığında dərc edilib, azərbaycanlılar isə “Azadlıq uğrunda mübarizəyə qalxmış İlin Xalqı” elan olunub.
Müəllif qeyd edib ki, Bakıda yüz minlərlə insanın etiraz dalğası sovet rəhbərliyini təşvişə salıb və Bakıya yeridilən qoşun hissələri dinc əhaliyə qarşı amansız qırğın törədiblər. Sovet lideri Mixail Qorbaçov bununla ümid edirdi ki, Bakı qırğını ilə digər respublikalarda da başlayan milli azadlıq hərəkatı iştirakçılarını qorxudacaq, həmçinin Azərbaycan xalqının mübarizə əzmini sarsıdacaq. Lakin onun bu niyyəti baş tutmadı və 1 milyona yaxın insan meydana axışdı. “Sonradan müasir Azərbaycan dövlətinin qurucusu olmuş Heydər Əliyev həmin faciəli günlərdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qanlı qırğını qətiyyətlə pislədi və xalqın azadlıq uğrunda mübarizəsinin lideri kimi insanları ruhlandırdı”, - deyə məqalədə diqqətə çatdırılıb.
Məqalədə vurğulanıb ki, Qanlı Yanvar hadisələrindən sonra Azərbaycan 1991-ci ilin oktyabrında öz dövlət müstəqilliyini elan etdi və keçmiş sovet respublikaları arasında sovet imperiyasının zülmündən qurtulan ilk ölkələrdən biri oldu. Beləliklə, azərbaycanlılar 1918-ci ildə elan olunmuş müsəlman Şərqində ilk demokratik cümhuriyyətin davamı olaraq dövlət müstəqilliyini və suverenliyini bərpa etdilər. Müasir Azərbaycan dövləti müsəlman, xristian və yəhudilərin mehriban yaşadığı inkişaf edən ölkəyə çevrildi. Məhz dahi siyasətçi Heydər Əliyevin uzaqgörənliyi sayəsində qüdrətli, beynəlxalq nüfuza malik olan bir dövlət quruldu.
Müəllif sonda yazıb: “Xalqımız 1990-cı il yanvarın 20-də törədilmiş qırğını 2023-cü ildə qiymətləndirərkən baş vermiş qanlı faciənin qurbanlarının xatirəsini anmaqla yanaşı, həm də bu hadisələri azadlıq uğrunda bir əzmkarlıq nümunəsi kimi dəyərləndirir”.

20 yanvar 2023-01-20 13:44:00