×
A
A
A
Sazlamalar

Elza Orucova: Xalqımızın 20 Yanvar qəhrəmanlığı yaddaşlardan silinməyəcək

Quba, 20 yanvar, Elxan Yusifli, AZƏRTAC

Elə hadisələr var ki, onlar tarixə əbədi həkk olunur. İllər, əsrlər ötsə də xatırlanır. Xalqın qan yaddaşında yaşayır. 1990-cı ilin Yanvar faciəsi də belə hadisələrdəndir. Xalqın inam və iradəsini qırmaq, sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə həyata keçirilmiş bu faciə Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizə tarixinə parlaq və şərəfli səhifə kimi daxil olub.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Əməkdar mədəniyyət işçisi Elza Orucova söyləyib.
O bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası törətmiş olduğu cinayətlər sırasına misli görünməmiş bir faciə də əlavə etdi. Həmin gecə Bakıya yeridilən sovet ordusunun hissələri xalqımıza qarşı qətliam törətdi. Bu, torpaqların bütövlüyü uğrunda mübarizəyə qalxmış və azadlıq ideaları ilə yaşayan xalqımıza qarşı yönəldilmiş qəsd idi. Məqsəd isə xalqın milli azadlıq əzmini boğmaqdı.
“Qanlı Yanvar faciəsinə, Azərbaycan xalqına qarşı törədilən cinayətə, qanlı təcavüzə ilk etiraz səsini ucaldan isə məhz Ulu Öndər Heydər Əliyev oldu. Hadisədən dərhal sonra, 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq, ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələn Ümummilli Lider sovet rəhbərliyinin xalqımıza qarşı etdiyi bu zorakılığı pislədi, onu törədənlərin cəzalandırılmasını sərt şəkildə tələb etdi və təşkilatçıların, günahkarların adını kütləvi informasiya vasitələrinin gözü qarşısında bütün dünyaya bəyan etdi”, - deyə E.Orucova söyləyib.
Əməkdar mədəniyyət işçisi bildirib ki, 20 Yanvar faciəsi qəhrəmanlıq və əzmkarlıq nümunəsidir. Tarixin heç bir hadisəsi 20 Yanvar qəhrəmanlıqlarını yaddaşlardan silə bilməz. Vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi isə həmişə qəlbimizdə yaşayacaq.

 

Regionlar 2023-01-20 10:57:06