×
A
A
A
Sazlamalar

Qanlı Yanvarın qurbanı olan professorlar

Sumqayıt, 20 yanvar, Firuz Novruzov, AZƏRTAC

Yanvarın 19-dan 20-nə keçən gecə və sonra Bakı şəhərində, həmçinin onun ətrafında baş verənlər xalqımızı müstəqillik arzularına görə cəzalandırmaq əməliyyatı idi. Sovet qoşunu dinc, əliyalın insanların üzərinə tanklar sürür, gülləbaran edirdilər. Yanvarın 24-də imperiya hərbçilərinin Ceyranbatanda, içində Sumqayıt Polimer Materialları İnstitutunun alimləri olan maşının üstündən tankla keçməsi də sovet rəhbərliyinin məqsədindən xəbər verirdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Şöhrət” ordenli Əməkdar müəllim, 1990-cı illərdə Sumqayıt Təhsil idarəsinin müdiri işləmiş Ofelya Babayeva əməkdaşımızla söhbətində deyib.
Ofelya Babayeva 33 il əvvəl baş verən hadisəni belə xatırlayır: “Yanvarın 24-ü Sumqayıta işə gəlmək üçün yola çıxan alimlər professor İbrahim İbrahimovun maşınında olublar. Ceyranbatana çatmamış maşında nasazlıq yaranıb. Nasazlığı aradan qaldırmaq üçün dayandıqları anda 5 kimyaçı alim qəsdən onların üstünə sürülən sovet tankının tırtılları altında qaldılar. Professorlar İbrahim İbrahimov və Svetlana Məmmədova hadisə yerində, kimya elmləri doktoru İsmayıl Mursaqulov isə xəstəxanada keçindi. Digər elm adamları Parlaq xanım və İdris müəllim isə uzunmüddətli müalicədən sonra ayağa qalxa bildilər”.
Qeyd edək ki, Bakı-Quba yolunun 24-cü kilometrliyində üzərində “1990-cı il yanvarın 24-də işğalçı imperiya ordusu tərəfindən burada professorlar İbrahim İbrahimov, Svetlana Məmmədova, İsmayıl Mursaqulov vəhşicəsinə qətlə yetirilmişlər” sözləri həkk edilmiş mərmər postament qoyulub.

Regionlar 2023-01-20 10:37:55