×
A
A
A
Sazlamalar

Fransada pensiya islahatına qarşı nümayişdə 2 milyon etirazçı iştirak edib VİDEO

Ayaçu, 20 yanvar, AZƏRTAC

Fransada milli səviyyədə 200 şəhər və qəsəbədə hökumətin pensiya islahatına qarşı etiraz nümayişləri keçirilib. Etiraz nümayişlərinə Fransa televiziya və radio işçiləri, hətta Xarici İşlər Nazirliyinin və dövlət idarələrinin nümayəndələri də qatılıb. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, etiraz nümayişlərində 1,1 milyon, həmkarlar ittifaqlarının hesablamalarına görə isə 2 milyon insan iştirak edib.
AZƏRTAC xəbər verir ki, müstəqillik uğrunda mübarizə aparan Korsika adasının sakinləri də küçələrə axışaraq, onsuzda ağır olan sosial vəziyyətə etirazlarını bildirmək üçün yürüş ediblər.
Korsikanın baş şəhəri Ayaçuda insanlar vağzaldan şəhər prefekturasının qarşısına qədər yürüş ediblər. Nümayişçilər Ayaçu şəhərinin prefekturasının qarşısına toplaşaraq, pensiya islahatlarına etirazlarını ifadə ediblər. Müxtəlif sektorlar üzrə həmkarlar ittifaqlarının rəhbərləri çıxış edərək, əhalinin 80 faizinin qəbul etmədiyi bir qanunun hökumət tərəfindən qəbul edilməsini demokratiyaya zidd kimi qiymətləndiriblər. Adada iqtisadi və sosial vəziyyətin həddən ziyadə ağır olduğunu qeyd edərək, yeni pensiya islahatına ehtiyac olmadığını bildiriblər. Korsikalı nümayişçilər arasında adanın müstəqilliyi uğrunda mübarizə aparan siyasi qrupun nümayəndələri adaya müstəqillik verilməsinin onun iqtisadi inkişafına töhfə verəcəyini bildiriblər. Pensiya islahatına qarşı olan korsikalılar Fransa prezidentinə etirazlarının bildirmək üçün məhz onu təmsil edən bir qurumun qarşısına toplaşıblar.
Qeyd edək ki, etiraz nümayişçilərinin qarşısına toplaşdıqları bu prefektura xüsusi rəmzi məna daşıyır. Məhz 1998-ci ildə Ayaçuda Fransa prezidenti tərəfindən təyin edilmiş prefekt Erinyakın Korsika millətçiləri tərəfindən öldürülməsi Korsika-Paris münasibətlərinin kəskinləşməsinə səbəb olub. Bu gün digər ölkələrdə separatçıları dəstəkləyən Paris korsikalıların azadlıq istəklərini boğur, onların müstəqillik istəklərini hər vəchlə boğmağa çalışır.
Nümayişçilər pensiya islahatına qarşı tətil, etiraz yürüş və nümayişlərini davam etdirəcəklərini bildiriblər.
Fransa Həmkarlar İttifaqları Konfederasiyası artıq növbəti ümummilli etiraz nümayişini yanvarın 31-nə təyin edib.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Ayaçu

Dünya 2023-01-20 04:43:00

Video