×
A
A
A
Sazlamalar

Serbiyanın cənubunda fövqəladə vəziyyət elan edilib

Belqrad, 20 yanvar, AZƏRTAC

Güclü leysan yağışları səbəbindən Serbiyanın cənub bölgələrində fövqəladə vəziyyət elan olunub.
AZƏRTAC xəbər verir ki, iki gündür davam edən leysan yağışlarının səbəb olduğu daşqınlar xüsusilə də Sancak bölgəsindəki Priyepolye, Novi Pazar və Syenitsa şəhərlərində fəsadlar törədib. Bölgədəki Trnaviça, Yosanitsa və Raska çayları daşıb. Trnaviça çayında yolun çökməsi nəticəsində iki nəfərin öldüyü bildirilir. Şəhər rəhbərliyi vətəndaşları çaylardan və potensial təhlükəli körpülərdən uzaq durmağa çağırıb.
Syenitsada isə evlər, məktəblər və iş yerləri daxil olmaqla 200-dən çox bina su altında qalıb. Lima çayında suyun səviyyəsinin saatda 7 santimetr artdığı bildirilib. Priyepolyedə kiçik çayların daşdığı bəzi ərazilərdə risk altında olan vətəndaşlar təxliyə olunub.
Rəsmilər yaxın günlərdə yağıntıların artacağı barədə xəbərdarlıq edib.
Qərbi Balkan regionunda əlverişsiz hava şəraiti Bosniya və Herseqovinada ilə Monteneqroda da fəsadlar törədib. Bosniya və Herseqovinanın paytaxtı Sarayevonun Skenderiya rayonunda Milyaçka çayına düşən qadının cəsədi təxminən 8 kilometr uzaqlıqdakı Safet Zayko parkının yaxınlığında tapılıb.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad

Dünya 2023-01-20 00:20:00