×
A
A
A
Sazlamalar

Şuşada seysmik stansiyanın quraşdırılması prosesinə başlanılıb

Bakı, 19 yanvar, AZƏRTAC

Şuşada quraşdırılacaq seysmik stansiyanın cihazlarının parametrlərinə uyğun yerlərinin seçilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, baş mühəndis Ramiz İskəndərov, beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov yanvarın 18-19-da Şuşada səfərdə olublar.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində RSXM əməkdaşları müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə seysmik stansiyanın quraşdırılması üçün təklif olunan ərazilərə baxış keçiriblər. Baxışda Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma Nəzarəti şöbəsinin 4 saylı sektorunun aparıcı məsləhətçisi Emin Hacıyev, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlak Kadastrı və Reyestrin Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Şuşa şəhər şöbəsinin şöbə müdiri Mirağa Ağayev, Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərində Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Kənan Quliyev iştirak ediblər.
Şuşa şəhərinin yaxınlığında Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən quraşdırılacaq quyudibi seysmik stansiya üçün yer mütəxəssislər tərəfindən seçilib. Bununla bağlı sənədləşmə və texniki qiymətləndirmə işlərinə başlanılıb.
Qeyd edək ki, işğaldan azad olunmuş rayonlarda Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən 10 kompleks seysmoloji-geofiziki stansiyanın quraşdırılması nəzərdə tutulur.
Şuşa şəhəri yaxınlığında quraşdırılacaq quyudibi seysmik stansiyanın cihaz və avadanlıqları Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Azərbaycan seysmoloqlarına hədiyyəsidir.
Başqa sözlə desək, Şuşa seysmik stansiyası Qarabağda seysmik tədqiqatların aparılması ilə yanaşı, Türkiyə və Azərbaycan seysmoloqlarının birgə əməkdaşlığının simvolu olacaq.

Ekologiya 2023-01-19 17:34:00