×
A
A
A
Sazlamalar

Yerli şirkətlərə alternativ maliyyələşmə üsulları təqdim edilib

Bakı, 19 yanvar, AZƏRTAC

Yanvarın 19-da Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB), İxracın və İnvestisiyanın Təşviqi Agentliyi (AZPROMO), Bakı Fond Birjası (BFB) və “Azfinance” investisiya şirkəti tərəfindən xarici bazarlara daxil olmağa çalışan yerli şirkətlər üçün “Qiymətli kağızların buraxılışı və Fond Birjasında listinq” mövzularında onlayn təlim keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, təlimdə kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat verilib. Məqsəd yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək və bu istiqamətdə beynəlxalq təcrübəni bölüşməkdir.
Qeyd edək ki, Bakı Fond Birjası əməkdaşlıq etdiyi investisiya şirkətləri və AZPROMO ilə birlikdə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin aşılanması və fond birjasında listinqin təşviq edilməsi məqsədilə mütəmadi ödənişsiz təlimlər təşkil edir.

 

Maliyyə 2023-01-19 15:31:00