×
A
A
A
Sazlamalar

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur

Şamaxı, 19 yanvar, AZƏRTAC
Şamaxı Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı tədbir keçirilib.
Tədbirdə Mərkəzdə fəaliyyət göstərən təbliğat qrupunun üzvləri, təhsil, mədəniyyət işçiləri, məktəblilər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rəşad Əliyev, ADPU-nun Şamaxı filialının kafedra müdiri, Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, tədris və elmi işlər üzrə direktor müavini Şasəddin Mikayılov və başqaları çıxışlarında Heydər Əliyevin müdrik və uzaqgörən siyasətindən danışıblar.
Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.
Qeyd edilib ki, faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu göstərib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib. Ulu Öndərin bu kəskin bəyanatı dünya mediasında geniş işıqlandırılıb, beynəlxalq ictimaiyyət Bakıda törədilən qətliamdan xəbərdar olub.
20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməməsi Heydər Əliyevi çox düşündürən məsələlərdən biri idi. 1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, bununla bağlı 1993-cü ilə qədər faktiki olaraq heç bir tədbir görülmədi. 1990-cı il yanvarın 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoydu və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirmədi. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyanın işi başa çatdırılmamış qaldı.
1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Prezident Heydər Əliyev bu barədə deyirdi: "...Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər".
Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
Bildirilib ki, Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.
Sonda 9 saylı tam orta məktəbin şagirdlərinin ifasında kompozisiya nümayiş olunub.

Regionlar 2023-01-19 14:27:18