×
A
A
A
Sazlamalar

20 Yanvar hüzn günü, həm də qürur günüdür

Gəncə, 19 yanvar, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Texnologiya Universitetində 20 Yanvar faciəsinə həsr edilən "20 Yanvar hadisələri və Heydər Əliyevin cəsarətli bəyanatı” adlı tədbir keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir çərçivəsində universitet rəhbərliyi və kollektivi Gəncədə yerləşən 20 Yanvar abidəsini ziyarət edib. 20 Yanvar şəhidlərinin ruhuna dualar oxunub, abidə önünə gül dəstələri düzülüb.
Sonra tədbir universitetdə davam edib. Əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin xatirəsi yad edilib.
Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi, dosent Yaşar Ömərov çıxışında Qanlı Yanvar hadisələrinin tarixindən, xalqımızın başına gətirilən müsibətlərdən, o dövrdə Ulu Öndər Heydər Əliyevin cəsarətindən və Azərbaycan xalqının əzmindən danışıb.
Yaşar Ömərov Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin şəhidlərin adının daim uca tutulmasına, ailələrinin sosial məsələlərinin həllinə yönələn siyasətindən də söz açıb.
Sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə Veteranlar Şurasının sədri Yusif Məmmədov, Azərbaycan Texnologiya Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Şahmar Həsənov, İctimai elmlər və multikulturalizm kafedrasının dosenti Hüseyn Budaqov, dosent əvəzi Mehriban Tağıyeva çıxış ediblər. Bildirilib ki, 33 il əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan edilmədən Sovet İttifaqının qoşun hissələri Bakı şəhərinə yeridilərək dinc əhaliyə divan tutub. Nəticədə sinəsini sipər edən yüzlərlə əliyalın insan qətlə yetirilib, yaralanıb və itkin düşüb.
Qeyd olunub ki, 20 Yanvar hüzn günü, həm də qürur günüdür. Bu tarix milli iradənin zəfər çaldığı gündür. Məruzələrdə bildirilib ki, həmin dəhşətli günlərdə Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev faciənin ertəsi günü həyatını təhlükədə qoyaraq Azərbaycanın daimi nümayəndəliyinə gəlib, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış edib, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırıb. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut edib.
Natiqlər faciə qurbanlarının xatirəsinin xalqımız tərəfindən daim əziz tutulacağını bildiriblər.
Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib, tələbələr şeirlər söyləyiblər.

Regionlar 2023-01-19 10:57:28