×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsi Azərbaycan xalqının mübarizliyini, məğrurluğunu nümayiş etdirdi

Gəncə, 19 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan “20 Yanvar - Qan yaddaşımız” adlı tədbir keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdən öncə 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən tələbələrin əl işlərindən ibarət rəsm əsərləri və kitab sərgisi nümayiş olunub.
Tədbirdə Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
Sonra 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunub.
Çıxış edən Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov bildirib ki, doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları 33 il əvvəl həmin gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bu tarix Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil oldu. 20 Yanvar faciəsi Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.
O zaman yalnız Ümummilli Lider Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəldi, SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək kəskin bəyanatla çıxış etdi. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra 1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı - Milli Məclis tərəfindən ilk dəfə hüquqi-siyasi qiymət verildi.
Rektor Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 Yanvar faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, şəhid ailələrinə xüsusi diqqət və qayğının göstərilməsi istiqamətində həyata keçirilən siyasətdən də danışıb.

Regionlar 2023-01-19 10:43:00