×
A
A
A
Sazlamalar

Göygöldə narkotik satmaqda və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Göygöl, 19 yanvar, Elcan Məmmədov, AZƏRTAC

Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq, satış məqsədi ilə narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbənin Cinayət Axtarışı Bölməsinin (CAB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş əsasında satmaq məqsədi ilə əldə etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Orxan Zərbiyani saxlanılıb. Polis şöbəsində üzərinə baxış keçirilən zaman şübhəli şəxsin əlindəki çantadan 1 kq-dan artıq heroin və 2 kq-a yaxın marixuana aşkar edilərək götürülüb.
CAB-ın əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Habil Novruzov saxlanılan zaman onun üzərində ümumi çəkisi 100 qramdan artıq olan 2 bükümdə heroin aşkar edilib.
Post-patrul xidməti əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Elnur Zeynalovdan külli miqdarda tiryək aşkar olunub.
Bundan başqa, rayon polis şöbəsinə rayon ərazisindəki “Ərəbli” su arxının yaxınlığında odlu silah olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı oradan 2 ədəd “Makarov” tipli tapança, həmin tapançalara aid 1 ədəd sandıqca, 1 ədəd “PSM” markalı tapança və 9 ədəd patron aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub, cinayət işləri ilə bağlı araşdırmalar davam etdirilir.

 

 

Regionlar 2023-01-19 10:41:44