×
A
A
A
Sazlamalar

Cəlilabadın Moranlı və Sərxanlı kəndlərində modul tipli məktəb binaları istifadəyə veriləcək VİDEO

Cəlilabad, 19 yanvar, İlkin Adıyev, AZƏRTAC

Yaxın günlərdə Cəlilabad rayonunun Moranlı və Sərxanlı kənd ümumi orta məktəbləri üçün quraşdırılan modul tipli binalar müəllim və şagirdlərin istifadəsinə veriləcək.
Yeni modul tipli məktəb binaları Prezident İlham Əliyevin 2022-ci il 19 sentyabr tarixli Sərəncamına əsasən tikilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 96 şagird yerlik məktəb binaları on iki sinif otağı, müəllimlər otağı, kitabxana və sanitar qovşaqdan ibarətdir. Hazırda məktəb binasında daxili tamamlanma işləri görülür.
İş icraçısı Ceyhun Musayev bildirib ki, binaya istilik sistemi, elektrik və su xətləri çəkilib. Məktəblərin həyətində abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaq, yerə asfalt örtük döşənəcək. İşlərin fevral ayının sonuna kimi başa çatdırılması planlaşdırılır.
Lənkəran–Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun müdiri İlkin Zeynalovun sözlərinə görə, Cəlilabad rayonunda əsasən 96, 80 və 56 yerlik olmaqla, ümumilikdə 30 modul tipli məktəb binası tikilərək istifadəyə verilib, hazırda 3 məktəbdə son tamamlanma, daha 3 məktəbdə isə tikinti-quraşdırma işləri görülür.
Yeni məktəbin tikintisi valideynləri də sevindirir: “Məktəbimiz qəzalı vəziyyətdə idi. Çox sağ olsun Prezidentimiz, bizim kənddə yeni məktəb binasının tikintisi üçün Sərəncam imzaladı. Tikinti işləri bitən kimi yeni məktəb istifadəyə veriləcək. Uşaqlarımız indi yaxşı şəraiti olan məktəbdə oxuyacaqlar”, – deyə Moranlı kənd sakini Zahid Babayev söyləyib.
Son illərdə respublikamızda ənənəvi məktəb binalarının inşası ilə yanaşı, modul tipli məktəblərin quraşdırılması da həyata keçirilir. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

 

Regionlar 2023-01-19 10:27:00

Video