×
A
A
A
Sazlamalar

Əsrə bərabər gecə...

Sumqayıt, 19 yanvar, AZƏRTAC

O gecə xalqımızın azadlıq fidanlarının boy verdiyi gün kimi tariximizə düşdü. Taleyini müəyyənləşdirən milləti öz qanında boğmaq istəyən imperiya isə bir gerçəkliklə qarşı-qarşıya gəldi: tarixi zərurətin qarşısını almaq mümkün deyil.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhərinin Tarixi Muzeyi və “Dostluq” Mədəniyyət evinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar anım tədbirində səsləndirilib.
“Bakı. 20 Yanvar 1990” adlı videoçarxın təqdimatı ilə başlayan tədbirdə çıxış edənlər 20 Yanvar tarixinin xalqın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunduğunu bildiriblər. Bu tarix həm hüzn günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günüdür. Ulu Öndər Heydər Əliyevin 20 Yanvar faciəsinin ertəsi günü imperiyanın mərkəzində bu qanlı cinayətdə əli olan sovet rəhbərliyini cəsarətlə ittiham etdiyini vurğulayan natiqlər, dahi rəhbərin bu qırğın barədə həqiqətləri dünyaya çatdırdığını söyləyiblər.
Tədbirdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecəyə həsr olunan “Əsrə bərabər gecə” adlı mühazirə təqdim edilib.
Sonda faciə qurbanlarının muzeyin fondunda mühafizə olunan fotoşəkilləri, Yanvar faciəsinin iştirakçısı, sumqayıtlı rəssam Nizami Dadaşovun əsərlərindən ibarət sərgiyə baxış olub.

Regionlar 2023-01-19 10:15:11