×
A
A
A
Sazlamalar

20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsi, fəxarət və şərəf günüdür

Beyləqan, 18 yanvar, AZƏRTAC

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsi, fəxarət və şərəf günüdür. Azərbaycan xalqının azadlıq ideyalarını boğmaq məqsədilə törədilmiş bu cinayət xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib. Qanlı hadisələr xalq kütlələrini daha da birləşdirib, onların mübarizliyini daha da artırıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər xocavəndli gənclərin iştirakı ilə keçirilən “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masada səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva çıxış edərək, faciə ilə bağlı geniş məlumat verib. Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə məhz Ulu Öndər Heydər Əliyev sayəsində ilk siyasi-hüquqi qiymət verildiyini, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldiyini, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini, ifşaedici və cəsarətli bir bəyanat verdiyini bildirib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, şəhid atası Aqil Haqverdiyev, rayon icra hakimiyyətinin əməkdaşı Nərminə Süleymanova və başqaları 20 Yanvar faciəsinin tariximizə qanlı və şanlı bir səhifə kimi yazıldığını, bu tarixin yeni müstəqillik tariximizin başlanğıc nöqtəsi olduğunu, xalqımızın iradəsi, dözümü, birliyi nəticəsində müstəqillik əldə edildiyini bildiriblər.
Xaricdə təhsil almış Ziya Əkbərli, Asim Rüstəm, Emil Cəfərov 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə xaricdə yaşayan həmyerlilərimiz tərəfindən həyata keçirilən tədbirlərdən, Azərbaycan diasporunun təşkilatlanması, birliyi və aktivləşdirilməsi istiqamətində ciddi işlər görülməsindən bəhs ediblər. Bildirilib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyini xilas etməklə yanaşı, xalqımızın vahid ideologiya ətrafında birləşdirilməsinin əsasını qoydu. Ulu Öndərin irəli sürdüyü milli ideya Azərbaycanın bütün vətəndaşlarını, dünya azərbaycanlılarını və Azərbaycana bağlı bütün insanları bir məqsəd, bir ideya ətrafında birləşdirə bildi.
Tədbirdə çıxış edən Salakətin kənd tam orta məktəbinin şagirdi Yusif Balakişiyev, Səfirlər Məclisinin Xocavənd rayonu üzrə nümayəndəsi Aydan Aslanzadə isə faciənin təbliğində gənclərin rolu, həmçinin vətənpərvər ruhda müasir gənc nəslin yetişməsində Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin müstəsna fəaliyyətlərindən danışıblar.

Regionlar 2023-01-18 19:17:00