×
A
A
A
Sazlamalar

20 Yanvar - xalqımızın istiqlal mücadiləsinin qələbəsi

Qəbələ, 18 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Qan yaddaşımıza silinməz faciə kimi yazılmış 20 Yanvar, eyni zamanda, xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Həmin müdhiş gecədə şəhid olan Vətən oğulları Azərbaycanın tarixinə şanlı səhifə yazıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə əlaqədar yanvarın 18-də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən tədbirdə səsləndirilib.
Tədbirin əvvəlində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər 20 Yanvar hadisələrinin cinayətkar mahiyyəti, onu doğuran səbəblər barədə danışıb, faciənin acı nəticələrini konkret faktlarla diqqətə çatdırıblar. Vurğulanıb ki, 20 Yanvar hadisəsi xalqımız üçün təkcə böyük faciə deyildir. Qanlı Yanvar, eyni zamanda, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixində qəhrəmanlıq salnaməsidir. 20 Yanvar Azərbaycan vətəndaşının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi olaraq həkk olunmuş bir tarixdir. 20 Yanvar, həm də xalqımızın istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.
Tədbirdə 20 Yanvara həsr olunmuş videoçarxlar, tələbələrin hazırladıqları səhnəciklər nümayiş etdirilib, mahnılar ifa olunub. Mərkəzin nəzdindəki “Günərzi Qayğı Mərkəzi”nin uşaqları isə şeirlər söyləyiblər.

Regionlar 2023-01-18 18:31:00