×
A
A
A
Sazlamalar

Qırğız Respublikasının Prezidenti Zati-aliləri cənab Sadır Japarova

Hörmətli Sadır Nurqojoyeviç,

Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizi və qardaş xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Biz dərin tarixi, mədəni və mənəvi köklərlə bağlı olduğumuz qardaş Qırğızıstan ilə dostluq və əməkdaşlıq əlaqələrinə xüsusi əhəmiyyət veririk. Otuz il əvvəl bu möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin xüsusən son illərdə yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması böyük məmnunluq doğurur.
Qarşılıqlı səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan sənədlər əməkdaşlığımızın yüksək inkişaf dinamikasından xəbər verir. Xüsusilə də keçən il qardaş ölkələrimizə həyata keçirdiyimiz səfərlər ikitərəfli əlaqələrimizin keyfiyyətcə yeni pilləyə qaldırılmasında vacib rol oynamışdır. Sevindiricidir ki, həm Bakıda, həm də Bişkekdə Sizinlə apardığımız müzakirələr, əldə etdiyimiz razılaşmalar və imzaladığımız çoxsaylı mühüm sənədlər Azərbaycan-Qırğızıstan tərəfdaşlığının bütün sahələrdə inkişafına və yeni məzmunla zənginləşməsinə təkan vermişdir.
İnanıram ki, hazırda ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi üçün formalaşmış əlverişli şəraitdən səmərəli istifadə edərək əlaqələrimizin möhkəmləməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli işbirliyimizin daha da dərinləşməsinə nail olacağıq.
Sizi bir daha səmimiyyətlə təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Qırğızıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 yanvar 2023-cü il

Məktublar 2023-01-18 17:33:00