×
A
A
A
Sazlamalar

ANAMA: 218 nəfər Qarabağ müharibəsi iştirakçısı minatəmizləmə prosesində iştirak edir VİDEO

Ağdam, 18 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərimizin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi istiqamətində işlər davam etdirilir. Vətən müharibəsindən sonra 62 min 908 hektar sahədə təmizləmə işləri aparılıb, 39 min 236 ədəd partlamamış hərbi sursat, 27 min 560 ədəd piyada əleyhinə, 13 min 847 ədəd tank əleyhinə mina aşkar edilib. Aparılan minatəmizləmə əməliyyatları zamanı Ermənistan silahlı bölmələri tərəfindən qoyulan tələ minalara və sursatlara da rast gəlinir.
İşğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsində Qarabağ müharibəsi iştirakçıları da iştirak edirlər. Bu gün ANAMA sıralarında 218 nəfər müharibə iştirakçısı torpaqlarımızın minalardan təmizlənməsinə öz töhfələrini verir. Onlardan biri - Rəfail Nəcəfov həm torpaqlarımızın işğaldan azad edilməsində, həm də minalardan təmizlənməsində iştirak etdiyindən qürur duyduğunu bildirib: “Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Mina və hərbi sursatlardan anlayışım olduğu üçün istədim ki, tərxis olduqdan sonra ərazilərimizin minalardan təmizlənməsində də iştirak edəm. Hazırda işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsində çalışıram. Bununla fəxr edirəm”.
AZƏRTAC-ın bölgə müxbiri Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi ilə tanış olub. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməliyyat meneceri Xaliq Zülfüqarov bildirib ki, Ağdam rayonu mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ərazilərdən biri hesab edilir. Rayon işğaldan azad olunandan dərhal sonra minatəmizləmə qrupları tərəfindən əməliyyatlara başlanılıb.
Xaliq Zülfüqarov aparılan təmizləmə əməliyyatları zamanı ermənilər tərəfindən qoyulmuş tələ minalara və sursatlara da rast gəlindiyini bildirib: “İşlədiyimiz müddət ərzində bir çox mina növləri ilə yanaşı sürpriz minalar, hərbi sursatlarla da rastlaşmışıq. Məsələn, 122 millimetrlik top mərmisinin üzərinə piyada minasının, 82 millimetrlik minaatan mərmilərinin üzərinə piyada minalarının, tank əleyhinə minanın üzərinə piyada əleyhinə minanın yerləşdirilməsi faktları aşkarlanıb. Hətta 3 ədəd tank əleyhinə minanın üzərində 1 ədəd piyada əleyhinə minanın yerləşdirilməsinə rast gəlmişik. Bərdə-Ağdam yolundan kəndlərə gedən yolun sağ və solunda yerə basdırılmış 240 millimetrlik turbo reaktiv raket və onun ətrafında qoyulmuş çoxlu sayda 120 millimetrlik minaatan mərmiləri aşkar etmişik. Nəzərə alsaq ki, 120 millimetrlik minaatan mərmisinin tək partlaması 25-30 metr məsafədə öldürücü qüvvəyə malikdir. 240 millimetrlik turbo reaktiv raket və onun ətrafına yığılmış 30-40 ədəd 120 millimetrlik minaatan mərmilərinin eyni zamanda partlayışı fəlakət törədici ola bilər”.
Ötən dövr ərzində Bərdə-Ağdam avtomobil yolu, Bərdə-Ağdam dəmir yolu xətti, Evoğlu-Ağdam 35 kV-luq elektrik xətti, Xındırıstan-Ağdam 110 kv-luq elektrik xəttinin keçdiyi ərazilər, “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, Ağdam sənaye zonasının, eləcə də təməli qoyulmuş və tikinti aparılan ərazilər layihələr üzrə təmizlənərək aidiyyəti üzrə təhvil verilib. Hazırda Ağdam-Füzuli avtomobil yolu, Azadqaraqoyunlu-Ağdam qaz kəmərinin çəkiləcəyi ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir. 2023-cü ildə şəhərsalma və kənd təsərrüfatı layihələri üzrə də işlər planlaşdırılıb. Belə ki, Ağdamın müxtəlif kəndlərinin, əkin sahələrinin, suvarma kanallarının təmizlənməsi də mərhələli şəkildə həyata keçiriləcək.

Regionlar 2023-01-18 17:25:00

Video