×
A
A
A
Sazlamalar

“Azəri Mərkəzi Şərqi” platformasının dayaq bloku ASCO-nun “STB-1” barjına yüklənib

Bakı, 18 yanvar, AZƏRTAC

“Heydər Əliyev” adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) inşa edilmiş “Azəri Mərkəzi Şərqi” (ACE) platformasının dayaq bloku dənizə yola salınması üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “STB-1” barjına yüklənib.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, qurğunun barja yüklənməsi prosesi təhlükəsiz şəkildə yerinə yetirilib. ACE platformasının dayaq blokunun çəkisi 16 min ton, hündürlüyü 153 metrdir. Bu qurğuya suvurma, neft ixracı və qaz ixracı üçün nəzərdə tutulmuş üç hasilat dik borusu daxildir. Qeyd edək ki, “Azəri-Mərkəzi-Şərqi” layihəsində istismar olunması üçün ASCO-nun “STB-1” barjında ötən il zəruri modifikasiya işləri aparılıb. Barjın tələb olunan dərəcə üzrə sertifikasiyası yenilənib. Xəzər dənizinin ən böyük barjı sayılan “STB-1”in uzunluğu 163, eni 45 metr, göyərtəyə yükgötürmə qabiliyyəti 18 min tondur.

Nəqliyyat 2023-01-18 16:30:00