×
A
A
A
Sazlamalar

Media və ictimaiyyət nümayəndələri Gəncə Dövlət Universitetində imtahan prosesini izləyiblər

Gəncə, 18 yanvar, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Dövlət Universitetində 2022-2023-cü tədris ilinin qış semestrinin imtahan sessiyasının gedişi izlənilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, imtahanların gedişini müşahidə etmək məqsədilə keçirilən mediaturda şəhər ziyalıları, kütləvi informasiya vasitələrinin nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və valideynlər iştirak ediblər. Əvvəlcə universitetin tədris məsələləri üzrə prorektoru dosent Şahin Xurşudov və humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva iştirakçılara imtahanların təşkili və keçirilməsi istiqamətində aparılan islahatlar, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün yaradılan şərait haqqında məlumat veriblər.
Qeyd edilib ki, sessiya dövründə mövcud qanunvericiliyin, elm və təhsil nazirinin 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı müvafiq əmrinin tələbləri nəzərə alınmaqla bütün texniki-təşkilati işlər yüksək səviyyədə həyata keçirilib. İmtahan prosesinə kənar müdaxilənin yol verilməməsi, tələbələrin biliklərini nümayiş etdirməsi üçün bütün şərait yaradılıb. Bununla yanaşı, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkili, imtahanların gedişinə nəzarət, yarana biləcək münaqişə və şikayətlərin yerindəcə həllini təmin etmək məqsədilə universitetdə İmtahan Qərargahı, Apellyasiya Komissiyası və “Qaynar xətt” təşkil edilib.
Sonra ictimai baxışda iştirak edənlər imtahan otaqlarında olub, imtahan prosesini izləyiblər.
Sonda mediatur iştirakçıları və media nümayəndələri imtahan prosesinin gedişi ilə bağlı fikirlərini bölüşüblər. Müşahidəçilər görülən işləri yüksək qiymətləndirərək universitetdə lazımi şəraitin yaradıldığını qeyd ediblər.

 

Regionlar 2023-01-18 10:56:00