×
A
A
A
Sazlamalar

20 Yanvar - Milli qürur günü

Bakı, 17 yanvar, AZƏRTAC

Yanvarın 17-də Mingəçevir Dövlət Universitetində (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar Azərbaycan xalqının milli qürur günüdür ” mövzusunda mühazirə keçirilib.
AZƏRTAC xəbər verir ki, universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlarının iştirakı ilə keçirilən mühazirə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mühazirədə çıxış edən Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova xalqımızın qan yaddaşına çevrilən 20 Yanvar faciəsindən 33 il ötməsinə baxmayaraq, günahsız insanlara qarşı törədilən amansız qətliamın eyni acı və kədər hissləri ilə xatırlandığını bildirib. Müstəqillik uğrunda mübarizə tariximizin ən şərəfli səhifələrindən olan 20 Yanvar faciəsi ilə bağlı həqiqətlərin gənc nəslə çatdırılmasının vacibliyini diqqətə çatdıran E.Cəfərova bu məqsədlə universitetdə həyata keçirilən fəaliyyətlərdən danışıb və mühazirənin önəmini diqqətə çatdırıb.
Sonra Humanitar fənlər kafedrasının baş müəllimi Mətanət Yusifova məruzə ilə çıxış edib. Məruzədə müstəqillik yolunda xalqımızın keçdiyi mübarizə yolundan, göstərdiyi əzmkarlıq və fədakarlıq nümunələrindən, 20 Yanvar faciəsinin səbəbləri, qanlı nəticələri və əsas günahkarlarından, Ümummilli Lider Heydər Əliyevin qırğını törədənlərin cəzalandırılmasını tələb edən cəsarətli addımlarından və faciəyə siyasi qiymətin verilməsindəki tarixi xidmətlərindən bəhs edilib.
Ərazi bütövlüyümüzün təmin olunmasından danışılarkən vurğulanıb ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanmaqla və əzəli torpaqlarımızı işğaldan azad etməklə şəhidlərimizin də qisasını aldılar.
Daha sonra fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

 

 

 

Regionlar 2023-01-17 22:56:00