×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyevin Davosda “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Davos, 17 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 17-də Davosda “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə “CISCO” şirkəti arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi.
Qay Didrix Azərbaycanda bir məktəbdə rəqəmsallaşdırma layihəsini həyata keçirdiklərini dedi.
Söhbət zamanı bu layihənin ölkəmizdə yüzlərlə məktəbi əhatə etməsinin planlaşdırıldığı vurğulandı.
Prezident İlham Əliyev Zəngilan rayonunda “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin uğurla icra olunduğunu qeyd etdi, bu işlərin işğaldan azad olunmuş digər ərazilərdə də həyata keçirilməsinin planlaşdırıldığını vurğuladı.
Dövlətimizin başçısı “CISCO” şirkəti tərəfindən hazırlanan “Azərbaycanın ağıllı şəhər strukturu barədə məruzə”yə görə minnətdarlığını bildirdi.
Söhbət zamanı Azərbaycanda su resurslarından istifadə olunmasında “CISCO” şirkətinin texnologiyalarının tətbiqi məsələlərindən danışıldı, təhsil və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın perspektivləri müzakirə edildi.

Rəsmi xronika 2023-01-17 21:35:00

Video