×
A
A
A
Sazlamalar

Qarabağ və Şərqi Zəngəzurda olan faydalı qazıntı yataqlarının iqtisadi dövriyyəyə cəlb edilməsi prioritet istiqamətlərdəndir

Bakı, 17 yanvar, AZƏRTAC

Növbəti ilin ölkə üzrə xammala olan tələbatı nəzərə alınaraq Geoloji İnformasiya Fondunda saxlanılan məlumatlar təhlil edilib və növbəti il üçün hərraca çıxarılması planlaşdırılan yataq sahələri razılaşdırılması üçün aidiyyəti dövlət qurumlarına göndərilib.
2023-cü ildə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əsas prioritet sahələrindən biri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında olan faydalı qazıntı yataqlarının iqtisadi dövriyyəyə cəlb edilməsidir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına “Böyük Qayıdış”la bağlı təsdiq edilmiş Tədbirlər Planına əsasən agentlik faydalı qazıntı yataqlarının istifadəyə verilməsi və yer təkinin mühafizəsinin təmin edilməsi ilə bağlı işləri həyata keçirəcək.
İlkin mərhələdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidənqurma və bərpa ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün həmin ərazilərdə yerləşən ümumi yayılmış faydalı qazıntı yataqlarından istifadə edilməsinə icazələrin verilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Elçin Məcidov yanvarın 17-də keçirilən mətbuat konfransında deyib.
E.Məcidov bildirib ki, agentlik olaraq bu sahədə yeni innovativ yanaşmanın tətbiq olunması üçün 2023-cü ildə “Yerin təki sahəsinə dair elektron qeydiyyat və nəzarət sistemi” istifadəyə veriləcək: "Yaradılmış platformanın həm yer təki sahəsində fəaliyyət göstərən istismarçılara, həm də agentliyin fəaliyyəti üçün bir sıra üstünlükləri var. Bildirmək istərdim ki, hazırlanmış platforma vasitəsilə yer təki sahəsində fəaliyyət göstərən istismarçılar bütün əməliyyatları elektron formada yerinə yetirə biləcək”.
Onun sözlərinə görə, hesabatların təqdim edilməsi, razılaşdırılması zəruri olan sənədlərin və digər müraciətlərin şəxsi kabinet vasitəsilə onlayn formada göndərilməsi təmin ediləcək: “Platformanın digər üstünlüyü maarifləndirici məlumatların yer təki istismarçılarına verilməsidir. Belə ki, platformada yerin təki ilə bağlı mövcud qanunvericilik aktları və bu sahədə müəyyən edilmiş norma və standartlar barəsində məlumatlar öz əksini tapacaq. Həmçinin gələcəkdə mövcud qanunvericilik aktlarında dəyişiklik edildikdə istismarçının şəxsi kabinetinə həmin məlumatlar göndəriləcək".

Ekologiya 2023-01-17 12:20:00