×
A
A
A
Sazlamalar

Əli Əliyev: Yataqların qanunsuz istismarı ilə bağlı danışıqlar hələ ki, heç bir nəticə verməyib YENİLƏNİB

Əsasən iri qızıl və mis yataqlarında ciddi istismar işləri aparılıb

Bakı, 17 yanvar, AZƏRTAC

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə yataqların qanunsuz istismarına etiraz olaraq başlanan aksiya dekabrın 3-dən davam edir. Hazırda bununla bağlı danışıqlarda hər hansı bir nəticə əldə olunmayıb.
AZƏRTAC xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev yanvarın 17-də keçirilən mətbuat konfransında deyib.
Ə.Əliyev bildirib ki, işğal dövründə Ermənistan və onun xarici havadarları əsasən iri yataqların istismarı ilə məşğul olublar. Beynəlxalq konvensiyalar və Azərbaycan Respublikasının qanunları pozularaq ölkəmizin ərazisində mineral xammal ehtiyatlarının istismarı aparılıb. Burada əsasən 30-a yaxın ölkənin şirkətləri iştirak edib. Bunlar Kanada, Avstraliya, ABŞ, İngiltərə, Almaniya, İsveçrə, Rusiya, Hindistan kimi ölkələrin şirkətləridir. Mineral xammal ehtiyatları qanunsuz istismar edilərək Ermənistana və oradan xarici ölkələrə daşınıb.
“Əsasən iri qızıl və mis yataqlarında ciddi istismar işləri aparılıb. Həmin yataqlar Kəlbəcər rayonu ərazisindəki “Söyüdlü” və “Qızılbulaq” qızıl yataqları, Tərtər rayonu ərazisindəki “Dəmirli” mis yatağı, eyni zamanda, Zəngilan rayonu ərazisindəki “Vejnəli” qızıl yatağıdır. Burada əsasən “Sterlite Gold” LTD, “Base Metals” LTD, “First Dynasty Mines” LTD, “GeoproMining Gold” Company, “Armenian Copper Program”, “Vallex Group”, “Global Gold”, “Vedanta Resources” şirkətləri fəaliyyət göstərib”, - deyə Ə.Əliyev qeyd edib.

Ekologiya 2023-01-17 15:00:00